Müxtəlif yerləri tanımaqla, müxtəlif adamları tanımaq qohum hislərdir. Əvvəl axır ikisini də unuduram. Yəqin başa düşürsünüz, unudandan sonra kimin kim, nəyin nə olmağı fərq eləmir. Buna görə nə vaxtsa xatırlamağa çalışdığım yerdən adam olaraq, nə vaxtsa unutmağa çalışdığım adamdan yer olaraq bəhs etmişəmsə bağışlayın. Bax elə indicə xatırladığım dostumun dilində təsbeh elədiyi o sözü düşündüm. Avqust ayı idi. Çox içmişdik. Siqareti barmağına keçirib əlində dirijor çubuğu kimi sallaya-sallaya demişdi : - Bax dostum, hamımız dayanacaq həyatı yaşayırıq. Adamlar gəlirlər, dururlar və gedirlər. Başa düşürsən, heç arxalarına da baxmırlar. Heç darıxmırlar da . Heç veclərinə də deyil. Siqaretindən dərin qülla alıb çiynini işıq dirəyinə söykədi. -Dayandınsa ölməyə məhkumsan. İkimiz də susduq. Bakını gecələr daha çox sevirəm. Gündüzlər çiynimi çəkə-çəkə, asvlat səkilərində ayağımı sürüyə-sürüyə, öz içimə yığıla-yığıla yerisəm də gecələr gözünə döndüyüm küçələr...