Əşyaların səsi- VI hissə

                                                                                  Qara işıq görürəm.

                                                                                                              Viktor Hüqo                                  



Boş küçədə işıq dirəyi olmaq asan deyil. Gecələr adamlara yol göstərməyi, onları qaranlıqdan xilas eləməyi  yox  gur işığımın üzlərinə düşüb narahat eləməyini sevirəm. Uşaqların mərc gəlib zərif şüşəmi, şüşəmin altındakı lampanı hədəf seçib daşla vurmağa çalışmaqları çox acığıma gəlir. İşıq dirəyi olmaqdan utanıram. Gur işığımın altında hansı biabırçılıqların, naməlum qətillərin, bədbəxt hadisələrin oluduğunu bilsəydilər bunu eləməzdilər.

            Bax o sarı saçlı uşağın anası hər gecə mənim işığımın altında gizli-gizli  maşına minib gedir, sübh vaxtı qayıdır. Uzun müddətdir ki, yoxa çıxdığı deyilən adamı maşın vuran an nə qədər gözlərimi yummaq istəsəm də heyif ki, gözlərim yox idi və bədbəxtlikdən baş verən hadisəni bütün xırdalıqlarına- adamı vurub, ardınca maşının arxasına qoyub qaranlığa qarışmaqlarına içim od püskürə-püskürə baxmışam. Kim bilə-bilərdi ki, mənim altımda  yeddi yerdən bıçaqlanan adamın naməlum qatili mərhumun tabutu üzərində ən çox ağlayıb sızlayan, göz yaşı töküb özünü parayalan adam, yəni onun qardaşı idi. Bəli, bütün bunların yeganə şahidi mənəm. İndi zərif şüşəmi nişan alan uşaqları görəndə içimdə dəhşətli bir darıxmaq hiss peyda olur, məftillərimin arasından keçən elektrik cərəyanı azalır, işığım öz gurluğunu itirir.

Oxucu düşünməsin ki, bütün gün eyni yerdə dayanmaq, eyni mənzərəyə baxmaq, eyni küçəyə işıq salmaq məni darıxdırır. Məni özü olmaqda çətinlik çəkən, buna görə həmişə bizim dilimizlə danışan müəlliflə səhv salmayın. Özüm olmaqdan heç bir şikayətim yoxdur. Buna görə elə danışacam ki, nə müəllif, nə də siz oxucular məndən inciyəsiniz. İcazə verin gur işığımın altında baş verən hekayəni sizlərlə bölüşüm ki, içim rahat olsun.

Yan binanın geniş pəncərəsindən işığımın üzərinə düşən kölgə ilə xatırladığım həmin hekayəni qəzet səhifələrində, cinayət xəbərlərində, məhəllə qiybətlərindən eşitmisinizsə inanmayın. Saf oxucudan deyəcəklərimi diqqətlə dinləməsini, bundan əvvəlki hər şeyi unutmasını xahiş edirəm.  Axşam üstünü bir az keçmiş uzun paltosunun içinə qəribə formada yerləşdirilən balta ilə gur işığımın altından keçən adamı görəndə mən də sizin kimi ilk öncə diqqətimi cibindəki baltaya yox, başındakı qəribə şlyapaya verdim. Cəld addımlarla önümdən keçəndə yumruqlarını sıxmağının hansı mənaya gəldiyini təxminən bir neçə dəqiqə sonra anlayacaqdım. Sonrakı hadisələr yaddaşımda kölgə olaraq qalıb. İlk öncə yaşlı qadınla arasındakı dialoqun  qara şəklini gördüm. Ardınca yaş asvaltın üzərində kölgə adamın əlindəki kölgə baltanı kölgə qadının başına çırpmasına və kölgə qanın gözlərimin önündə bulaq kimi axmasına şahid oldum. Epizodun yoxa çıxmağından qadının yıxıldığını, açıq pəncərədən qulağıma dolan tələskənlikdən adamın otaqda  axtarışa çıxdığını soyuqqanlı şəkildə hiss elədim.  Ardınca otağa girən ikinci  qadının ətri geniş pəncərədən burulub üzərimə hopdu. Baş verənləri  anlamadan  baltanın sərt zərbəsindən çıxan ölü səsi duydum.  Təxminən yarım saat sonra tələsik binadan çıxan adamın üzünü gördümsə də heç vaxt həmin üzü, yanağındakı xalı, saqqalının bədəninə yaraşan nizamsızlığını, bəyaz köynəyinin yaxalığındakı ləkəni, qəribə şilyapanın altından aşağı süzülən yağlı saçını, çiyninin genişliyini, sol ayaqqabısının üzərinə yığılan tozu ( sağ ayaqqabısın üzəri qan olmuşdu ), şalvarının balağında hələ yeni-yeni qurumağa başlayan qan ləkəsini xatırlaya bilməyəcəkdim. Qaranlığa qarışıb yoxa çıxan adamı uzun müddət sonra əzilib sol tərəfimdəki üfunət qoxulu zibil qutusuna atılan qəzetin ön səhifəsində məşhur romanlardan birinin qəhramanı olaraq görəndə cinayət anında burnuma hopan qan qoxusunu yenidən hiss elədim.

 Nəhayət, icaznizlə,  varlığımın ən önəmli səbəbini, məni susmağa qoymayan müəllifin düyün nöqtəsini və bəlkə də, yaşıl paltonun içində yuxarıdan aşağı baxdığım, gur işığımla saçını ən xırda tellərinə qədər gördüyüm, çiyinləri yaş, əlləri ümidsizcə ciblərinə dolmuş qəhramanın yaddaşının ən önəmli hissələrindən birini danışım. Bu qoca küçəyə, üfunət qoxusu gələn zibil qutularına, zivələrdən asılı yaş paltarlara, işığımı gurlaşdıran elektrik simlərinə qonan vəhşi göyərçinlərə baxdıqca çuxurlara dolan yağış suyu kimi beynimə dolan bir cüt fikirdən vəcdə gəlirəm. 1. Bütün işıq dirəkləri günəş olmaq istəyir. 2. Mən bu yaşıl paltolu adamın yaddaşının bir parçası olmasaydım, bəlkə də, heç olmaycaqdım.

İndi gur işığımın altında donuq baxışları ilə küçənin uzaqlığını ölçən şairi alnıma qonan və başımı dimdikləyən heç sevmədiyim, görəndə asvalta bərdikilən ayağımı qoparıb haradasa başqa yerə getmək istədiyim qarğaların narahatlığı ilə izləyirəm. Qarğalar uçub getdi. Hava soyudu. Hələ də tərddüzsüz yerindən tərpənmək istəməyən adamın tez-tez əllərini cibindən çıxarıb ovuşdurduğunu, çiyinlərini bir-birinə sıxıb isinməyə çalışdığını gördükcə birdən-birə elə üşüdüm ki, məni gur lampamın həniri belə xilas edə bilmədi. Uzun müddət gözlədiyini yandakı meyvə-tərəvəz dükanın bağlanmasıdan, önümdəki binanın üçüncü mərtəbəsində skirpka məşqləri edən gəncin məşqi bitirib işığı söndürərək yatmasından, zibil qutularını boşaltmağa gələn maşının küçənin sonunda gözümə sataşan gur işığından anladım. Zibil maşını işini bitirib tərpənən kimi qəhramanımıza yaxınlaşan adamın addım səslərini duyduğuma görəmi, yoxsa qəhramanımızın həmin adamı görən anda çəkdiyi siqareti yarımçıq  atmağına görəmi, bilmirəm, dəmir bədənim soyumağa başladı.. Gördüklərimə fokuslanıb indi düşüncəli oxucunun bu hissəni diqqətlə izlədiyi kimi mən də həmin epizodu  izlədim. Naməlum adam cibindən çıxardığı qovluğu şairin şaxtalı əllərinə dürtüb tələsik aradan çıxdı. Arada bir arxasına baxıb addımlarını yeyinlətdi. Gözümü naməlum adamın yaş asvaltın üzərindəki addım izlərindən qoparıb işığımın altına çəkəndə qəhramanımızın dayandığı yerdə balaca gölməçədən başqa heç nə görə bilmədim və bir dəfəlik susdum. 





Yorumlar

Bu blogdaki popüler yayınlar

Onu sevənlərdən şəhər salmaq olar.

Qəribə gecə