Əsl mistika

Müxtəlif yerləri tanımaqla, müxtəlif adamları tanımaq qohum hislərdir. Əvvəl axır ikisini də unuduram. Yəqin başa düşürsünüz, unudandan sonra kimin kim, nəyin nə olmağı fərq eləmir.  Buna görə nə vaxtsa xatırlamağa çalışdığım yerdən adam olaraq, nə vaxtsa  unutmağa çalışdığım adamdan yer olaraq bəhs etmişəmsə bağışlayın. Bax elə indicə xatırladığım dostumun dilində təsbeh elədiyi o sözü düşündüm. Avqust ayı idi. Çox içmişdik. Siqareti barmağına keçirib əlində dirijor çubuğu kimi sallaya-sallaya demişdi :

- Bax dostum, hamımız dayanacaq həyatı yaşayırıq. Adamlar gəlirlər, dururlar və gedirlər. Başa düşürsən, heç arxalarına da baxmırlar. Heç darıxmırlar da . Heç veclərinə də deyil.

Siqaretindən dərin qülla alıb çiynini işıq dirəyinə söykədi.

-Dayandınsa ölməyə məhkumsan.

İkimiz də susduq.

Bakını gecələr daha çox sevirəm. Gündüzlər çiynimi çəkə-çəkə, asvlat səkilərində ayağımı sürüyə-sürüyə, öz içimə yığıla-yığıla yerisəm də gecələr gözünə döndüyüm küçələrdə yerişimə cəsarət toxumları səpilir. Sinəmi irəli verirəm, başımı dik tuturam, elə bilirəm ki, bax indi yeridiyim küçəni almışam, irəlidəki döngənin də behin vermişəm.

 Sahil bağındakı açıq köşdən siqaret alıram. Qəzetlərə baxıram. Yazılardan biri diqqətimi ovsunlayır. Götürüb skamyada əyləşirəm. Oxuyuram. Heç nə anlamıram. Və yenidən dostumun dilində təsbeh elədiyi cümləni xatırlayıram.

-Bax dostum, hamımız dayanacaq həyatı yaşayırıq. Adamlar gəlirlər, dururlar və gedirlər.
İkimiz də susuruq.

Gecənin qaranlıq bətninə boy verirəm. Yerişimi dar küçələrə çəkirəm. Döngələrin ən qaranlığından keçirəm. Səkilərdən incimişəm, yolun düz ortasıyla gedirəm. Və bu an düşünürəm ki, “ heç arxalarına da baxmırlar. Heç darıxmırlar da. Heç verlərinə də deyil”

Taksiyə minib birbaş evə yollanıram. Otağın kədəri üzərimə hopur. Telefonu götürüb dostuma zəng vururam. 

Götürmür.

İkinci dəfə yığıram.

Zəng çatmır.

Üçüncü dəfə.

Belə bir nömrə mövcud deyil.

Əsil mistika.  

Yuxu qapımı xəpərsiz döyür. Otağın ortasında qulağıma dolan pişik miyoltusuna oyanıram. Əlim telefonda.  Mesaj:

- Dayandınsa, ölməyə məhkumsan.







Yorumlar

Bu blogdaki popüler yayınlar

Qəribə gecə

Orxan Həsənzadə- Tək gecəlik Qara Qarayev prospekti