Balıqqulağının nağılı ( Hekayə )


18 nörməli avtobusa ithaf olunur. 


“Evə gedib romanıma davam edəcəm” axırıncı cümləsi bu cür oldu. İndi bilmirəm hekayəmə hardan başlayım, harda bitirim, harasın gerçək deyim, harasın uydurum ? Ən yaxşısı lap əvvəldən, hər şeyin ayağından başlamaq. Ki heç kimin əli yaxamda qalmasın. Hələ gözümüzü su yeri almamışdı. Nə içib ağlamaq bilirdik, nə sərxoş olub küçədə avara-avara gəzmək. Sonra gözümüz göz yaşına öyrəşdi. Sonra əlimiz dost çiyinində təsəlliyə döndü. Sonra ayağımız bekar oldu. Gəzdi, gəzdi. Amma heç vaxt harasa çatmadı. Arzularımız da addımlarımızdan böyük. Həm də bu avara ayaqların böyük pillələrlə nə işi ?

Uşaqlığımız bir keçib. Ayaqyalın gəzdiyimiz yovşanlıqda yerdən yığdığı balıqqulaqlarından qolbağı düzəldən həvəsli uşaqlar idik. Balıqqulaqlarını deşir, sap üsündə sıralayır, qolmuza taxıb özümüzü dənizlərin hökmranı hiss eləyirdik. Həyat hər ikimizə eyni anda, eyni şeyləri hiss etməyi öyrətmişdi. İkimiz də yazıçı olacaqdıq. 

 Məktəbdəki qızları yarı bölüb  bir aya, otuz günə səpələmişdik. Hər gün birinə  yazırdıq. Sunkasınamı basırdıq, rəfiqəsiyləmi göndərirdik, ya birbaşa özünəmi verirdik, bu söhbətin ikinci üzüdür. Hansı qızın sunkasından damalı dəftərdə dördbucaq yazılar çıxırdısa hamıya məlum olurdu ki, bu günün bəxtəvəri kimdir. Sonra böyüdük. Həm də sinif-sinif böyükdük, aya səpələnən qızlar da çönüb həftə oldular. Sonra o qədər azaldılar ki, ikimiz  eyni qıza sevdik, eyni qız üçün darıxdıq. Davamız da düşməzdi. Gündüzlər o, axşamlar mən siyidə-siyidə qızgilin məhləsində dayanar, yeni-yeni çəkməyə vərdiş elədiyimiz siqaretdən sümürərdik.

Film izləmək üçün rayona gedirdik. İnternet klubda oyun oynayan, ağzı sualana-sualana erotik videolara baxan yeniyetmələrin arasında eyni qulaqcığa sığmağa çalışan iki şair “Kəpənəyin yuxusu” filmini izləyir. İndi düşünürəm ki, hələ o filmdən bircə detal da olsun unutmamışam və nə zaman o filmi yenidən izləsəm həmin internet klub, həmin kənd və o boyda yoxluğun içində kitab çıxarmaq arzusu ilə avlovlanan o iki şairi , yəni bizi  xatırlayaram.

 Bəli, kitab ! Əvvəl şeirlərimizi topladıq. Məktəb komputerinə köçürdük.Vərəqə çevirdik. Sonda vərəqləri də bir-birinə yapışırıb rayon kitabxanalarına, əlləm-qəlləm adamlara payladıq. Təbii, bir yerdən sonra nə  şeirin, nə də şairin bu insanlara lazım olmadığını anlayacaqdıq. Ancaq bunu anlamaq üçün həmin insanların arasından çıxmalı, onlara yad, özgə bir yerdən baxmalıydıq. İkimiz də univerisitetə qəbul olmuşduq.


                                                                    ***

Bakı - bu nəhəng meqapolis... Şəhərə ayaq basdığım birinci gün önümdəki qaynaşmanı görüb tez göy üzünə baxdım. Bu yad yerdə göy üzündən savayı  heç kimi tanımırdım. Üzərimdə bu nəhəng  çantadan , birdə bu göy üzündən özgə heç nə yox idi.  İkimiz də bu şəhərdə çox balacaydıq. Sonra Bakının suyundan içdik , çörəyindən yedik, dostuna dost, yoldaşına yoldaş olduq, bu şəhərə qarışdıq, daşına, torpağına bələd olduq. Hərdən də düşündük ki, bu nəhəng şəhəri hiss eləmək üçün onun geniş prospektlərini, hündür binalarını, kədərli parklarını öz içimdən keçirməliyik. Köynəyimizə yoldaş eləməliyik. Bakının bədənimdən elektrik enerjisi kimi axan havasını udduqca günahlarına da ortaq olmağa başladıq. Bakı öz suyuyla, öz çörəyiylə, öz yoldaşıyla birgə həm də öz günahlarını bölüşürdü bizlə.

Tez zamanda ədəbi mühitə girdik. Bütün gün içib şeirlər yazır, kafelərdə sabahlayırdıq. İndi bilmirəm niyə, o zaman, doğrudan da, kimsə bizi inandırmışdı ki, şairlər bu cür yaşamalıdır. Bizdən əvvəl yaşayan şairlərin ölümünü öz həyatımızla davam eləmək istəyirdik ? Xeyir ! Sadəcə bunu sevirdik. Kimsə bizə şair deyəndə könlümüz oxşanırdı. Yazdıqlarımız da ortabab, nə o tərəfli, nə də bu.

 Bir gün dostum şəhadət barmağını Allaha doğru uzadıb dedi, “ Pərvərdigara, elə et ki, mən daha şeir yazmayım, mən roman yazmaq istəyirəm “. Allah dostumu eşitdi. O da həmin gündən sonra roman yazmağa başladı.

Amma ki, nə yazmaq ! Kitab öz taleyindən möhkəm yapışmışdı. Bircə dəfə olsun dostuma üz vermirdi. Bir zaman keçdi, az-az görünməyə başladı. Sonra bir zaman da keçdi, yerli-dibli yox oldu. Roman üzərində işlədiyindən xəbərim də vardı. Narahat eləməkdən də çəkinmirdim. Gecənin birində evinə gedir, tut arağını masanın üzərinə qoyub əllərimi ovuşdururdum. Hazırsan ? deyirdim. Başını yellənçək kimi yelləyirdi.

Mən bilirdim ki, o bütün gün otaqda yalnız qala bilməz. Demli onun həndəvərində kimsə olmalıydı. Həmin gənclik təfəkkürüm məni inandırmışdı ki, doğrudan da kimsə olmalıdır və dostumu əmin eləməlidir ki, yazdıqların uğurlu olacaq, həm də o şeyi əmin eləməlidir ki, yalnız deyil. Bəlkə, sənət özü də başqa bir dünyadır. Elə yuxu kimi. Və, bəlkə də, dostumu yalnız qoymayan şey də sənətin vədd etdiyi bu qarmaqışıq, sehirli aləm idi. Nə bilim ?

İçkinin daşını atmışdı. Amma əvvəlkindən daha sərxoş, daha yorğun görünürdü. Yəqin ki,  həyatını yazıya xəcləyəməyə hazır olan bütün adamlar bu tövrdə olur. Seyrək görüşürdük. Nə vaxt  aramıza o uzunsov, sıxıcı sükut qonurdusa deyirdi : Bu gecə də yuxumda həmin yovşanlığı, həmin balıq qulaqlarını görmüşəm. 

Axırıncı dəfə görüşümüz də soyuq alındı. Yarımca saat oturdu. Evə gedib romanıma davam etməliyəm dedi. Getdi. Düzü həmin hadisə olmayana qədər bu epizodu eynimə almayacaqdım. Niyə də alım ? Həmişə ki, canlı-qanlı adam. Sonra həmin hadisə baş verdi və o titrək səslə deyilmiş cümlə mənim üçün özgə mənalar ifadə etməyə başladı.


                                                                      ***


Bu səhər dostumu maşın vurdu. Dostum Allahın güdazına getmişdi. Şeir yazmağa davam eləsəydi , bəlkə də , onu maşın vurmazdı. Zəng elədilər, məlum məsələdən hali oldum. Qorxa-qorxa dedim : Ölüb ? Ölmüşdü. Moraqa getdim. Necə ola bilərdi ki, hər şeydən belə gec xəbərim oldu və o da necə oldu ki, o asvaltın ortasında can verən an mən burda heç nə hiss eləmədim. Sonra xatırlamağa çalışdım, onu maşın vuran an mən hardaydım, neynəyirdim, kiminlə görüşmüşdüm, yalnızmıydım , nə haqqında düşünürdüm, heç nə yadıma düşmədi.

Morqda bir topa adam. Qəribə oldum. Gör bu şəhərdə hər gün neçə adam ölür. Həkimlə danışdım. Cəsədi gördüm. Üzündə həmişəki soyuqluq. Elə bil diriydi. Elə bil, durub yenə başını yelləyəcək və deyəcək ki, evə gedib romanıma davam eləməliyəm. Cəsədin cibindən çıxan əşyalara uzun-uzun baxdım. Gözümə sellafon torbayla dolu balıq qulaqları göründü.


Yorumlar

Bu blogdaki popüler yayınlar

Onu sevənlərdən şəhər salmaq olar.

Qəribə gecə

Əşyaların səsi- VI hissə