Əşyaların səsi- I hissə

***
Marsel Prustun “ İtgin zamanın sorağında”
epopeyasından “Albertina itgin” romanını soruşmaq üçün girdiyim kitabxanada
imza günü keçirildiyini görüb təəccübləndim. Sonralar anlayacaqdım ki, indi
adını xatırlamaqda çətinlik çəkdiyim yazıçının
imza gününə yığışan adamların yarısı yazıçı, şair yarısı da dost-tanışlarıdı. Onu ilk dəfə orda görmüşdüm.
Gözlərini əlindəki kitabdan ayırmadan
yanındakı ifadəsiz qızın fiziologiyasından mənasız olduğunu hiss elədiyim
suallarına təmkinlə cavab verir, arada
üzünə baxıb gülümsəyir, əllərini cibinə qoyub kitabxanada gəzişdikcə qız da
arxasınca gəlməyə, addımlarını addımlarına köçürməyə çalışırdı. Birdən dayanıb
kölgə kimi dababına urcah olan qızla üz-üzə gəldi. Gülümsəyib dodaqlarının hərəkətindən
hiss elədiyim, ancaq aydınlaşdıra bilmədiyim üç söz dedi. Qızın üz ifadəsi dəyişdi,
arxasını çevrilib getdi. Sonrakı görüşlərimizdə hər dəfə o qıza nə dediyini
soruşsam da dəqiq cavab ala bilmədim. Üstünü vurmayıb qısa zamanda unutdum. O mənim
gördüyüm ilk canlı-qanlı, yaşayan yazıçı idi. Onun yaşıl paltosunu, yumru eynəyini,
yarpaq kimi əyilən belini, qəhvəyi çantasını gördükcə öz içimdə “Gələcəkdə mən
də yazıçı olacam” deyirdim.
Bayıra siqaret çəkməyə çıxdım. Kitabxanadan çıxan gözəl
qızlara baxa-baxa gələcəkdə yazacağım romanlar, alacağım mükafatlar, hətta
Nobel nitqimin hansı cümləylə başlayacağını belə düşünürdüm. Mükafat hesabıma yatan kimi satıcı Südabə xaladan bir
blok “Camel” almağı düşünürdüm. Özü də ayağı ilə başı arasında bir şəhərlik məsafələr
olan supermarketlərdən yox, məhz Südabə xalanın balaca, barmaq boyda
dükanından. Ölkə iqtisadiyyatının təməli xırda biznesdən asılıdır. Beləliklə,
xalqa öz mənəvi borcumu Südabə xalanın timsalında ödədikdən sonra rahat yaşaya
bilərdim. Siqaretim qutarmışdı. Əlimi cibimə atıb əzik beşliyin istiliyini hiss
elədim. Yenə də özümü sındırmayıb iki addımlığımdakı köşdən bir paket “Camel”
aldım. Düzünü desəm bu siqaret mənə özümü yazıçı kimi hiss elətdirirdi və mən bu hissin dəlisi idim.
Bilmirəm göyün neçənci qatındaydım. Birdən onun
yanımdakı varlığından bədənimdə şimşək çaxdı. “Yandıranın var ? “ dedi. Hələ
sual bitməmiş tələsik yandıranı çıxarıb siqaretini yandırdım. Sonra “Hə, var !”
dedim. Beynimdəki hüceyrələr bir-birinə elə qarışmışdı ki, söz və fəaliyyət
yerini dəyişmiş, ortada çaşbaş, qəribə bir mənzərə yaranmışdı. Gülümsədi. “Sən
də yazıçı olmaq istəyirsən ?” Bilmədim nə deyəm. “Deyəsən” dilimdən ancaq bu
söz çıxdı. “Onda axıra qədər gözlə, bir yerdə çıxaq, yazıçı olub, olmayacağına
qərar verək “. Mən gülümsədim. Sonra o da gülümsədi. Önümüzdən iki qız keçdi.
Göydə şimşək çaxdı. Burnuma yağış damcısı qondu.
***
Həyatımda bu qədər
içmişdimmi ? Bilmirəm. Debütü pivə ilə elədik. Sonra çaxırla davam eləyib
vodkaya keçdik. Heç vaxt bu qədər yazıçının əhatəsində olmamışdım. Bir neçə
rumkadan sonra bəşəri idealardan danışmağa, müharibəni pisləməyə başlayıb
dünyanı yalnız sənətin, ədəbiyyatın xilas edəcəyi haqqında uzun və darıxdırıcı
mühazirələrə qulaq asmalı olacaqdım. Ağız deyəni qulaq eşitmirdi. Aralarından
biri öz şeirini oxuyur, digərləri pıçıldaşır, xısın-xısın gülür, şeirin vurğulu
yerində güya maraqlı detal tapmış kimi diqqət kəsilirdilər.Aralarından nisbətən
sakit biri ovcuna sıxdığı rumkanı qaldırıb sağlıq dedi : “Bunu içək Nobelin
sağlığına” . Hamının üzündə günəş çıxmağa başladı. Nobel adı gələn kimi suları
təzələndi, özlərini düzəltdilər, ucuz arağı sayğı duruşunda içib masadakı xiyar
turşusuna hücm elədilər. O, əlini çiynimə qoyub məni təqdim eləyəndə mədəmdəki
spriti hamilə qadının bətnindəki körpə kimi hiss edirdim. “Bu gənc dostumuz
yazıçı olmaq istəyir. Özü də indidən Nobelə namizəddir . Mən inanıram ki, o
bunu bacaracaq.”
***
Sonra necə oldusa dava düşdü. Mən aradan sivişib
bayıra çıxdım. Ürəyim bulanırdı. Siqaret çəksəydim qusa bilərdim. Birini çəkdim.
Qusmadım. İkincini yandıranda O gəldi.“Yandıranın var, yazıçı ?” Aldığı dərin
qüllabın səsi qulağıma doldu. “Sən artıq xalis yazıçısan. Özünü təbrik edə biləsən”.
Düzünü desəm bunların heç biri vecimə deyildi. Sadəcə evə getmək, başımı
yastığa qoyub bir neçə il yatmaq istəyirdim.
Bir tərəfdən də hər şey mənə qeyri-adi görünürdü. Yazdıqlarım cızmaqaradan
başqa bir şey olmasa da artıq mənə yazıçı deyən adamlar var idi.
Nə qədər söhbət eləmişiksə xatırlamaqda çətinlik çəkirəm.
Sonra bu söhbətin hissələrini hırda-hırda yadıma salıb üzərində ciddi-cəhdlə
düşünəcəkdim. “Bayaq bir yerdə oturduğumuz adamların hamısı bədbəxtdir”. Birdən
şiddətli dərəcədə ürəyim bulanmağa başladı. Qusdum. Elə bil sərxoş bədənim bu
ağrılı cümləni həzm edə bilməyib, qaytarmışdı.
Evə yollananda hava açılır, günəş hündür binaların
arasından gülə-gülə bizə tərəf boylanırdı. Taksiyə mindik. Taksi doqquzuncu
mikrorayonun hündür binalarından birinin astanasında saxladı. Sağollaşmaq üçün yaxınlaşdım. “Sən o qıza nə demişdin ?”
soruşdum. Gülümsəyib güzgüdən taksi sürücüsün cod üzünə baxdı. “Heç nə”
***
Həmin gündən
sonra tez-tez görüşməyə başlamışdıq. Məni
ciddi tədbirlərə aparır, yanında oturdur, nə vaxtsa görəcəyimi, danışacağımı təxmin
belə etmədiyim yazıçılarla görüşdürəndə və ya yazdıqlarımı oxuyanda, məsləhətlər
verəndə özümə ən yaxın adamın o olduğunu qəribə intiuasiya ilə müəyyənləşdirirdim.
Həftə sonları görüşürdük. İçərişəhər metrosunun önündə “Yandıranın var, yazıçı
?” kəlməsi onun varlığından xəbər verirdi. Hərdən mənə elə gəlirdi ki, hətta
onun alışqanı olsa belə o öz siqaretini mənim alışqanım ilə yandırmaq istəyir. Facebookdakı
yazışmalarımızı yığsaq yaxşı bir kitab alınardı. Hərdən zarafatla deyirdi ki,
Pol Austerlə Con Maksvel Kutzenin məktubları dünyada nə qədər məşhurdursa, bir
gün bizim yazışmalarımız da o qədər məhşur olacaq. İkimiz də buna inanmırdıq,
amma ikimiz də ürəkdən gülürdük. Uzun müddət sonra həmin günləri düşünəndə
anlamışdım ki, biz bu səmimi zarafatlar, gülüşlərlə sadəcə acı reallıqdan öz
qisasımızı alırmışıq. Univerisitetin üçüncü kursunda oxuyurdum. Dərsdən çıxıb
birbaş evə gəlir. Bir az oxuyub yuxuya gedir. Axşam oyanıb səhərə qədər
yazırdım. Onun tanışlığı ilə yazılarım dərc olunmağa başlamışdı. Həm də əvvəlki
yazılarımla müqayisədə düşünürdüm ki, özüm kimi yazılarım da yetkinləşir,
böyüyüb təcrübə yiyəsi olur. Gecə saat
beş radələrində telefona mesaj gələndə mətnin içinə elə sirayət eləmişdim ki, fikir
vermədim. Saat yeddidə yatıb doqquzda oyanırdım. Yatmamışdan əvvəl bir neçə dəqiqə
telefonda başımı qatır, yuxunun isti nəfəsi gözümə toxunan kimi də həyatın o
biri üzünə yollanırdım. Mesaja baxdım. “Ona deyərsən ki, sağ olsun. Hər şey gözəl
idi. Birdə məni bağışlasın” Anlamayıb zəng elədim. Telefonu bağlıydı.
Uzun müddət sonra köşklərdən birində gözümə sataşan şəklini
görəndə diksindim. Qəzeti alıb oxudum. “Yaddaşını itirən şair itgin düşdü”. Qəribə
olmuşdum. Düzü əvvəl inanmadım. Bizim qəzetlər hər gün yüz yalan satır. Hər
halda bu da onlardan biri. Ancaq sonra düşündüm ki, ay dadi bidad, düz iki həftədir
mən onunla görüşmürəm. Telefonuna da zəng çatmır. İçimə necə həyacan doldusa
yerimdə donub qaldım. Bilmədim neyniyəm. Yanımdakı oğlana yaxınlaşdım.
“Yandıranın var ?”
Yorumlar
Yorum Gönder