Əşyaların səsi- II hissə

Qəzetə çevriləndən sonra içimdə şiddətli bir yalan
danışmaq ehtirası yarandı. Sonradan bunun qəzetlərə xas duyğu olduğunu bilib təəccüblənəcəkdim.
Ancaq onu da deyim ki, bu dünyada bizdən çox yalan danışanını tapmaq mümkün
deyil. Bizə səmimiyyətlə, qürürla inanan insanların olduğunu biləndə az qaldım
nazik bədənimi yırtıb parça-parça olum. Bunu deyərkən yalan danışdığımı hiss
etmiş kimisiniz. Əslində insanların bizim yalanlarımıza inanmasını, heç olmayan
nağıllara baş qoşmasını, dünyanın harasındasa baş verməyən, zəlzələdən,
daşqından üzüntüyə qapılmasını sevir, hərflərin arxasından oxucuların üzündəki
ifadələrə bic-bic gülürəm.
Özümü köşkdə - səliqə ilə düzülən qəztlərin arasında
tapanda “5:25” adlı qəzetin “Yaddaşını itirən şair itgin düşdü” başlıqlı məqaləsi
ifadəsiz üzümün yerini çoxdan tutmuşdu. Üzüməki ögey, qurmaca yazılardan bir
anda başqa birisi olduğumu düşünüb qorxdumsa da, təəssüf ki, artıq başqa birisi
olmuşdum. Qəzet olmağın yaşlı adamların məni alıb qatlamağından, sarmısaq
qoxusu verən nəfəsləri ilə üzərimdəki yazıları yavaş-yavaş oxumalarından,
uşaqların əl atıb bədənimi incitmələrindən necə çətin bir şey olduğunu
bildiyinizi güman edirəm. Ancaq icazə verin onu da deyim ki, nazik bədənimin
iti ucunda saxladığım yaddaşımla üzümə vuran günəşdən birdən-birə böyüyəcəyim,
budaqlanıb kök salacağım ehtimalını unuda bilmədim Sonradan köşklərə saat 5:25
də paylandığını ve buna görə adının da 5:25 olduğunu bildiyim qəzetin başqa səhifəsində
ağac rəsmi görəndə nə hiss keçirmişdimsə, gövdəmdə onlarla yarpağın eyni anda
böyüdüyünü hiss edərkən də eyni hisləri
keçirmişdim. Mənmi bu hərflərə həbs olunmuşdum, yoxsa bu hərflərmi məndə türmə
həyatı yaşayırdı bilmirəm. Xəstə adamın bədənindəki yara izlərini yoxlaması
kimi mən də üzərimdəki yazıları başa düşmək üçün əlimdən gələni etdim. Gündüz
Araz adlı müəllifin yazdığı məqalə əvvəl yaddaşını itirən, sonra özü itgin düşən
məşhur şair haqqında idi. Yaddaşını itirən şairin əvvəlki adam olmaması, naməlum
keçmişdə itgin düşməsi ilə yoxa çıxması arasında hansı əlaqənin ola biləcəyindən
uzun-uzadı bəhs edən məqaləni orta yaşlı kişinin məni alıb dar çantasına dürtməyi, ardınca işıqlı kafelərdən
birində yediyi keks diliminin parçalarını üzərimə tökə-tökə oxumasıyla bildim.
Ancaq bir anda hələ yeni-yeni alışdığım həyatın bitdiyini soyuqqanlıqla duyub özümü başqa bir hekayəyə
hazır hiss eləmək üçün bacardığım qədər çalışırdım. Alınmadı. Həmin adam məni
masanın üzərində qoyub uzaqlaşanda özümü itgin düşən həmin şair kimi hiss elədim.
Qəzetlərə inan adam haqqında hekayəni bildiyinizi,
güman edirəm. Hekayənin qəhramanı qəzetlərdə boş səhifə qalmasın deyə
uydurulan, ucuz fantaziya məhsulu olan xəbərlərin hamısını maraqla oxuyur,
düşünür, qorxularını, ümidlərini, həyacanlarını qəzetdəki xəbərlərə görə
uyğunlaşdırır. İsti bazarertəsi günündə
oxuduğu qroskop səhifəsində şir bürcündən olan oxucuların başlarına gələcək
ağır hadisəyə hazır olmaları deyilirdi. Hekayənin qəhramanı öncə oxuduğu xəbəri
yenidən oxuyub ardınca özünün də Şir bürcündən olduğunu xatırladı. Qəzeti
qatlayıb kənara qoydu. Başına gələcək hadisənin necə bir şey olacağını düşünə-düşünə
bütün gün evdə oturdu. Başına heç nə gəlmədi. Əfsanəvi qəhramanımız ilk öncə bürcündən, sonra isə özündən şübhələnməyə
başladı. Qəzetdə yazılan bədbəxt hadisənin baş verəcəyi qorxusu ilə bir neçə həftəsini
keçirən adam sonda baş verməsinə əmin olduğu hadisəni gözləməkdən bezib tezliklə
baş verməsini və yuxusuz gecələrinin bitməsini
arzulayırdı. Ətrafdan heç bir təhlükə gəlmədiyini görən adam ambulans
çağırıb evdəki dəm qazını açır. Otağın ortasında dəm qazından zəhərlənmiş və hərəkətsiz
formada uzanmış halda qalan adamı gecikən həkimlər xilas edə bilmirlər.
Bir parçası olduğum heykayənin qəhramanı yəni həmin
şairi gördümmü yoxsa dolmuş zibil qabının üzərində iyrənc qoxudan görmüş kimi
mi oldum, bilmrəm. Yaşıl paltonun içindəki xırda bədən üzümə dikiləndə
karıxdımsa məni bağışlasın. O yorğun baxışların üzümdə gəzməsiylə bir anlıq əzik
sifətimdən utandığımı hiss eləmişdim. Yaxınlaşıb məni aldı. Yaxşı ki, əllərinin
sabun qoxusundan huşumu itirməyib üzərimdəki hərfləri bir-birinə qoşub məni oxumasına
qulaq asa bildim. Ardınca özünü güzgüdə ilk dəfə görən uşaqlar kimi heyrətlə
birdə oxudu. Üzərimdə yenə həmin palto ilə şəklini görüb yaddaşından bir parça
tapdığını, ancaq narahat olmuş kimi tez məni qatlayıb geniş cibinə türtməyi nə
qədər xətrimə dəydisə də üfünət iyi verən
zibil qutusundan xilas elədiyinə görə sağ olumu ona çatdırmağınızı xahiş edirəm.
Heç tanımadığım küçələrdən keçdi. Rəngli divarları, gölməçə yığılmış asvalt
çuxurlarını, qədim heykəlləri, hündür binaları, digər səhifədə şəklini gördüyüm
ağacın eynisinin, küçə fənərlərinin, ağzını açıb quyruğunu sürüyə-sürüyən hürən
iti sürüsünü, kədərli adamları nəhayət dərin və uzun piyada keçidini keçib köhnə
məhlələrdən birinə girdi. Əllərini cibinə salıb məni necə sıxmışdısa
barmaqlarının soyuğundanmı, yoxsa qorxudanmı titrəmək istəyirdim. Üzümüzə
açılan tək otağın kədərini indi də xatırlayıram. Yerdə xaotik düzülən kitablar,
ətrafa səpələnmiş paltarlar, yarımçıq stəkanda soyuya-soyuya gözləyən çay,
xırda pəncərə önündə yığılan boş çaxır şüşələri, yenə yerdə ümidsizcə duran
qadın corabı, masanın üzərində yarım səhifəlik mətn. Ətrafdakı detallara
dalmışkən şəffaf sifətimdəki üzün mənasına daha da yaxınlaşdığımı, stəkanın
içindəki yarımçıq mayeyəyə qarışdığını yoxsa, dağınıq çarpayının üzərində quş tükündən hazırlanan yastığın
içindəmi olduğunu ciddi cəhdlə aydınlaşdırmağa çalışdım. Əşyaların mənasını
duyaraq, həm də öz mənamı tapacağıma o qədər əmin idim ki, birdən birə bütün əşyaların
danışdığını düşünüb tək olmadığımı hiss elədim.
Məni yatağın üzərinə atıb mətbəxtə keçəndə birdən-birə
pəncərənin arxasında axıb gedən zamanın, istifadə olunmaqdan rəngi solmuş həyatın
və yağış döyən asvaltın varlığını əzilmiş vərəqimə köçürmək istədim. Hardasa uzaqda,
kif qoxusu gələn, divarlarına qəzet, kitab, jurnal vərəqləri yapışdırılan evlərdən
birində üzərimdə itgin düşdüyü yazılan adam kimi başqa birisinin yaşadığını
düşüb, qorxdum. Nəfəsimi içimə çəkib mətbəxtəki addım səslərini dinlədim. Onu
yenidən görəndə həyat davam edirdi.
Qayçı ilə hissələrə bölünəndə keçdirdiyim ağrını bir
heç vaxt keçirməyəcəkdim. Qışqırmaq istədim. Ciyərlərim elə dolmuşdu ki, səsim
çıxmadı. Gözlərimdən gilə-gilə axan yaş içimə doldu. Sağlam hissəmi divardakı
digər səhifələrin arasına yapışdırdı. İndi başıma gələnləri başqalarının da
yaşadığını düşünməyim ağrımı azaltmadı, əksinə divarı örtən səhifələrin solğun
hərflərini, rəngi dəyişmiş üzlərini gördüyüm zaman daha da pis oldum.
Məni divardan asılı qoyub getdikdən sonra masanın üzərində
nazik bədənimin digər parçalarına baxa-baxa hekayənin bir parçası olmaqdan
utandım. Və bir dəfəlik susdum.
Yorumlar
Yorum Gönder