Üzük
Saday Budaqlıya itafaf olunur.
Səfalı müəllimlə gecənin bu vaxtında bu şəkilli kafedə
görüşməyimiz adətdəndir. Ya iki günün biri, iş-güc çox olsa həftədə bir dəfə həmin
şəkilli kafedə öz yerimizi tanıyırıq. Aramızda iyirmi yaş fərq var. Ancaq o şəkilli
kafenin içində dövr eləyən söhbətlərdən bu iyirmi il ay-ay, həftə-həftə xərclənir,
xırda-xuruş bir şey kimi görünür. Əsas nəfəsdir, nəfəsin gəlirsə, dilin söz
tutursa yaşın nə önəmi? Səfalı müəllim sən deyən qoca deyil.. Üzündəki qırışlar,
elə bil, hansısa bir ünvana elə hey uzanıb gedirdi. Gözlərinin aşağısında
yığılan torpabalar da qocaqlıqdan yox, yuxusuzluqdandı.. Alnında çapıq var. Girəvə
salıb bu çapığın tarixini soruşa bilmirəm.
Bəlkə, o da soruşmağımı istəyir və bəlkə, mən soruşmadan onun özü haqqında (
qoy bu lap balaca çapıq olsun ) nəsə danışmağı, doğrudan da, Səfalı müəllimin xasiyyətindən
deyil.
Bir zamanlar mənim tələbəsi olduğum univerisitetdə müəllim
işləyən və elə mənə də dərs demiş bu zəhmli kişi xalça kimi bükülə-bükülə
bapbalaca olmuşdu. Onu sıxan nəydi ? Bəlkə,
bu şəkillər, bəlkə, oturduğumuz kafe, ya bəlkə, tamam başqa və tamam
böyük bir şey, elə bu işıqlı dünya. Səfalı müəllimin içinə baş vurmaq mümkün
deyildi. Amma hər dəfə danışdığı sözlərdən hiss eləyirdim ki, hansısa zarafata lopa bığlarının altından xımır-xımır
gülsə də içində kimsə dayanmadan ağlayır və mənə elə gəlir ki, Səfalı müəllimin
içində ağlayan bu adamı mən bu on ildə hələ bir dəfə də olsun görməmişəm.
Qapıbir qonşuyduq. Bu evdə kirayə qalan gündən səsi həyətdən
əksik olmayıb. Bir dəfə həmin zəhmli səs fakültədə dərs otaqlarından birində
eşidildi. Elə bildim dəli olmuşam. Həyətdə qoyduğun və hər evdən çıxanda bir dəfəlik
unutduğun o səsin burda nə işi ola bilərdi ? Hələ bu harasıdır ? İş elə gətirdi
ki, Səfalı müəllim bizim qrupa dərs dedi. Dostluğumuz da o zamandan başladı.
Auiditoriyada müəllim tələbə əlaqəsi həyətdə iki dosta çöndü və bizim gecələr
görüşüb söhbətləşməyimizin ucu da elə bu dövrlərə gedib çıxır.
Son zamanlar nəsə
Səfalı müəllimi əməllicə tutmuşdu. Ağzını bıçaq açmırdı. Əhvalı quş olub
hansısa uzaqlara uçmuşdu və mənə elə gəlirdi ki, Səfalı müəllimin üzündəki qırışlar da burula-burula həmin
uzaqlara doğru gedirdi. İri qaşlarının arxasında gözləri bapbalaca görünürdü və
mən bu bapbalaca gözlərin arxasında hansı şəkillərin keçdiyindən xəbərsizdim.
Bir ovuc daş olub Səfalı müəllimin sinəsindən asılan şey nəydi ? Səfalı müəllim
qızıldan, üzəri firuzə qaşlı, əməllicə əyarı olan üzük tapmışdı. Nizami
kinoteatrının arxasındakı parkda, yaşıl otların arasında par-par üzünə gülümsəyən
üzüyü o saat seçmişdi. Ancaq o da, bəlkə, hamı kimi ilk öncə üzüyün qızıl
olduğuna inanmamış, tələsik qızıl dükanı tapıb göstərmişdi. Qızıl idi. Həm də zərgər
elə oradaca elə qiymət oxumuşdu ki, az qala
yazıq kişinin gözü kəlləsinə çıxacaqmış. O zaman anladım ki, Səfalı müəllimin
daş olub ürəyindən asılan şey bu üzükdü. Firuzə qaşlı üzük.
Qadın üzüyüydü. Üzərindəki zərif, incə naxışlar Səfalı
müəllimin üzündəki qırışlara bənzəyirdi. Mənə elə gəlirdi ki, bu üzüyə yaxşı
baxsan onun sahibini görən kimi tanıya bilərsən. İçində iki ad var; Kamran və
Seyranə. Deməli, qadının adı Seyranədir. Üzüyün ölçüsündən demək olar ki, yaşı
elə də çox deyil. Qadının gözəl olduğuna zərrə qədər şübhəmiz yoxdu.
Nişanlıydımı, evliydimi, orasını deyə bilmərik. Nə bilmək olar ? Bu zərif üzük,
bəlkə, ikimizə də yalan deyirdi. Bəlkə, qadın yaşlıydı, kifirdi, bircə əlləri, əlləri,
balacaydı, zərifdi, gözəldi. Bəlkə, elə Seyranənin Kamranla arası dəymişdi.
Münasibətlərindən soyuq küləklər əsirdi. Son dəfə görüşmək istəyiblər. Daha bundan
sonra nə Kamran həmin Kamran olacaqmış, nə Seyranə həmin Seyranə. Bu yayın
cırhacırında təri dabanından çıxa-çıxa görüşən nişanlılar daha bir-birilərinin
gözündə özlərini görməyiblər və bir-birilərinin gözlərindən görünən bu özgəlik
qaçınılmaz imiş. Yəni, nədən qaçırsan
qaç daha bu özgəlikdən can qurtarmaq mükün deyilmiş. Yəqin ki, lirik bir söhbət
olub və o da yəqin ki, Seyranə bu son görüşə ən gözəl donunu geyinib gəlib. Ola
bilsin, Kamranın üzü tüklümüş, qaməti əyilibmiş, bir neçə gün həyatdan əlini
götürübmüş, nə yemək yeyirmiş, nə su içirmiş, ağzını bıçaq açmırmış. Həyatı
birdən-birə Səfalı müəllimin üzündəki qırışlar kimi dolanbac, buruq-buruq
olubmuş və Kamran da Səfalı müəllimin üzündəki qırışlar kimi hansısa uzaqlığa
can atırmış. Ancaq, Kamran həm də Seyranəni sevirmiş. Yəqin, o da olub ki,
Kamranla Seyranə həmin parkda, həmin yaşıllığın üzərində güclü mübahisə ediblər.
Seyranə barmağından füruzə qaşlı üzüyü çıxarıb atıb. Kamran da dağ kimi uçulub.
Oturub skamyada. Bir siqaret çəkib. Başını əllərinin arasına alıb. Bir sevgi
yerlə yeksan olub, bir üzük itib.
Səfalı müəllimə elə gəlirdi ki, hər şey bu cürə ola
bilməz. O düşünürdü ki, Kamranla Seyranə mütləq evli olublar. İkisinin də yaşı
üzərində. Nəvə nəticə arxasınca qaçan vaxtları. Ancaq nəvə-nəticə onları özlərinə
unutdurmur. Dünyanın əvvəlini də, axırını da bir yaşamaq alınlarına yazılıb.
Kamranla Seyrənə bu parkda tanış olublar və yəqin ki, Kamran evlilik söhbətini
də ilk bu parkda Seyranəyə açıb. Sonra dəhşətli bir hadisə baş verib. Seyranə xərçəng
olub. Yavaş-yavaş əriyib yoxa çıxıb. Kamran da öz vəfa borcunu ödəmək üçün
Seyranənin üzüyünü gətirib bağışlayıb bu parka.
Düzü bu ehtimal da məni tutmadı. Amma qəribsindim. Səfalı
müəllimin də həyat yoldaşı lap cavan vaxtlarından xərçəng olub dünyadan
köçmüşdü.
Bu hadisədən sonra Səfalı müəllimin həyatında qəribə
hadisələr baş verirdi. Üzündəki qırışların sayı artmışdı. Gözləri tez-tez
uzaqlara sürüşürdü. Elə bil, həmin uzaqlıqdan kimisə çağırır, amma heç kim səsinə
hay vermirdi. O da öz zəhmli səsi kimi həmin uzaqlıqda çılpaq və yalnızdı. Kişi
bir ayın ikinci az qala iyirmi il qocalmışdı.
Həyat davam eləyir,
günün günün arxasınca bir-birinə calanırdı. Səfalı müəllimin kədəri üzündə
donub qalmışdı. Bir gün kəndə qayıdacağını dedi. Həmin gecə səhərə qədər söhətləşdik.
Evə qayıdanda səhər ağırırdı. Günortaya qədər yatdım. Məhlədəki qışqırığa
oyandım. Səfalı müəllim ürək tutmasından ölmüşdü. Çatanda cəsəd hələ istiydi.
Qonşular başına yığışmışdı. Cəsədin üzünü görəndə mənə elə gəldi ki, hər
zamanki kostyumu ilə çarpayıda uzanan adam Səfalı müəllim yox tamam özgə bir
adamdır. Cəsədin ovcu kilidlənmişdi. Ağlamaqdan bir təhər olan arvadların
arasından sıvışıb ona toxundum. Tüklü əlinə güc verdim. Çətinliklə açıldı və Səfalı
müəllimin hələ tələbəlik illərindən mənə tanış olan ovcunda füruzə qaşlı üzüyü
gördüm. İçində iki ad yazılmışdı; Kamran və Seyranə.
Yorumlar
Yorum Gönder