Altı yüz on üç ? ( Məktub )

Əzizi insan, o mübhəm ayrılığın üzərindən düz altı yüz on üç gün keçib. Aydadi-bidad, indi düşünürəm ki, gör mən ayağının altında qaldığımız bu altı yüz on üç gündə gəzdiyim küçələrdə, içib göydən düşmə bir ağlamaq ehtirasıyla əllərimi üzümə çəkidiyim yorğun kafelərdə, tez-tez dəyişdiyim iş yerlərimdə, boş küçələrdə, avtobus dayanacaqlarında, piyada keçidlərində, kimsəsiz parklarda səndən bir parça yığa-yığa yaşamışam və həqiqətən inanmışam ki, nə vaxtsa bu parçalardan bir sən yarada biləcəm. Təəssüf, hər şey belə asan bitdi.

 Səni axırıncı dəfə ötürdüyüm dayanacağa iki həftə dalbadal hər gün eyni vaxtda gəldim. Bir dəfə metroda gördüm. Tələsik çevrilib nəhəng kişinin arxasına keçdim. Yolumu evinizdən saldım. Uzaqdan izlədiyim həmin ev olduğu kimi yerində dayanmışdı. Elə həyətdəki itlər də eynisi idi. Bu başı batmış, yetim qalmış altı yüz on üç günün nə həmin evə, nə həmin yorğun itlərə, nə də həyətdəki dikanlı akasiya ağacına əli dəymişdi.

 Zibil qutularının yanında siqaret çəkə-çəkə izlədiyim pəncərədən  gözlərimə axan işığın saat 23:30 da söndüyünü görsəm də bilirdim ki, indi oyaqsan və əlindəki naməlum kitabı vərəqləyə-vərəqləyə naməlum bir şey haqqında düşünürsən. Məsələn, düşünürsən ki, sabah erkən oyanmalısan, bacın Şəfiqənin ad gününə hədiyyə seçməli, rəfiqələrinlə görüşüb uzun müddətdir bir qaşı yoxa çıxan gümüş sırğan üçün zərgərə getməli, kafelərdən birində oturmalı, şüşə pəncərəsindən boş küçəni izləməli,  isti şokalatını içməlisən. Sonra, bəlkə də, düşünürsən ki, nə vatxsa erkən oyanırdın və biz hələ günəşin üzünü göstərmədiyi qaranlıqda Xəzərin sahilinə qaçıb günəşi qarşılayırdıq. Bəlkə, bunu da düşünürdün ki, düz altı yüz on üç gün bundan əvvəl bacına  aldığın ad günü hədiyyəsini mən seçmişdim və yalandanmı, yoxsa gerçəkdənmi, bilmirəm, o məsum qızın hədiyyəni bəyəndiyini deyib  məni elə qucaqlamışdın ki, həmin qucağın  istisini qolumda hələ də gəzdirirəm. Bilmirəm, bəlkə, onu da düşünürsən ki, həmin rəfiqələrinlə məni tanış edəndə necə həyacanlı idim. Gümüş sırağanın tayını itirmişdin, sonra gün ərzində gəzdiyimiz yerlərı axtarıb həmin kafedə, oturduğun masanın düz altında tapmışdım. Bir qaşı yox idi.

Əziz insan, yolumuz çoxdan ayrılıb. Eşidəndəki dəm qazından zəhərlənmisən qaçıb köhnə sandığın içindən şəkillərini çıxardım. Hamısına bir-bir baxdım, toxundum, öpüb sinəmə sıxdım. Bütün şəkillərdə diri idin, yaşayırdın, gülümsəyirdin, başından aşağı şəlalə kimi axan sarımtıl saçlarının arasına keçirdiyim çiçək kimi təzə-tər idin. Sonra düşündüm ki, hələ bu şəkillərin dəm qazından xəbəri yoxdu.

Sonra bir gecə oyanıb dəm qazını açdım. Otağın ortasında oturdum və  gözlədim. Öz kiçik bədənimi ölümə alışdırmaq üçün gələcək haqqında heç nə düşünmədim. Hər şey elə indi olmalıydı. İçimə çəkdiyim təmiz havanın bədənimdəki hüceylərləri bir-bir öldürdüyündən xəbərim vardımı ?  Bilmirəm. Ağırlaşan vücudum otağın ortasında, köhnə xalçanın üzərində, zəif lampanın işığında hərəkətsiz qaldı və öldüm.

Əziz insan, indi o mübahəm arılığın üzərindən düz altı yüz on üç gün keçib. Aydadi-bidad, düz alti yüz on üç.



Yorumlar

Bu blogdaki popüler yayınlar

Onu sevənlərdən şəhər salmaq olar.

Qəribə gecə

Əşyaların səsi- VI hissə