Yalnız adamın nağılı

Başıma nə gəlibsə bu kitablardan gəlib. İndi sizə danışacağım hekayənin baş verdiyi ərəfədə bütün günü oxuyurdum. Niyə oxuyurdum? Düzü, heç orasını da bilmirəm. Neyniyim, vərdiş eləmişəm. Adam var siqaretə, içkiyə nə bilim daha nələrə vərdiş eləyir. Mən də bu tövr. Bəs yazmaq? O da öz yerində. Arada içimdəki sim dilə gəlir. Sevdiyim yazıçılara oxşamaq istəyirəm. Ancaq, nə bilim, bu oxşamaq dediyim şeyin yazmaqla əlaqəsi varmı? Onlar kimi yaşamaq istəyirəm. Başqalarına oxşamağa çalışdıqca özümü unutdum. Bəlkə, indi yalnızlıq dediyim şey də elə bu zaman hopdu canıma. Hər şey oktyabrda başladı. Yalnız qalmaq istədim. Bir sabah gözümü açdım gördüm ki, yalnızam. Çıxdım küçəyə. Hər şey olduğu kimi yerində dayanmışdı. Xatırladım. Dünən də bu bina yerindəydi. İşıqfor hələ də üç rəngdə. Adamlar harasa tələsir. Dünənki kimi. Küçə də hər zamanki küçə. Daha nə? Nə bilim, özümü bu uzunsov eyniliyə aid hiss eləmirdim. Bu işıqforda da, darıxa-darıxa gözləyən maşın təkərlərində də, e...