Orxan Həsənzadə- Qırmızı saçlı qadın

Üzündən tüpürcəyi, başından şilləsi, ayağından badalağı əksik olmayan bu yorğun meqapolisin gözləri bir nöqtəyə zillənmiş qoca görkəmli hüznü məni dəli eləyir.
Xüsusiylə, 28 May metrostansiyasının arxa tərəfində
göyrəçinlər üçün yem satan yaşlı qadının qırmızı saçlarını düşündükcə birdən-birə
sentimentallaşıram, gözümdə hər şey kəpənək qanadları kimi incə görünür. Heç nəyə
toxuna bilmirəm. Elə bilirəm ki, bu yerin hər daşı bir sənətdir və bu sənətin mənim
əllərimin bekarçılığına qurban getməsinə göz yuma bilmərəm. İlahi, siz axı o
qadının əllərini görəsiniz. Baxan kimi hiss edirsən ki, bu əlləri buraxanların
sayı tutanlardan daha çoxdur. Onun ütüsüz paltar kimi qırış-qırış olan
barmaqlarının arasında nimdaş bir kimsəsizlik dolanır. Kim bil bilər ki, bu yaşlı
qadın neçə ildir həmin kimsəsizliyə sadiqdir və kim deyə bilməz ki, o kimsəsizlik
də həmin qadının yeganə yoldaşıdır, nə bilim əl ağacıdır.
Sığalı əllərindən əksiz olmaz. Bəlkə də, evində nəhəng
bir sığal fabriki açıbdır Yaşlı qadın axşama kimi bu sığalı ətrafdakı canlılara
paylayır. İndi, görəsən, neçə canlı bu gül ləçəyi sığalı bədənində gəzdirir və
indi görəsən neçə canlı bu mübhəm sığalın işığında qızınır.
Hər sabah yaş asvaltın üzərində yorğun qayıq kimi
sürünən ayaqlarım düz məni o qadının əllərinə aparır. Nədənsə bədənimin kompası
həmişə mənə o qadını, ütüsüz paltar kimi qırış əllərini, qırmızı dipçək gülü
kimi saçlarını nişan verir. Mənə elə gəlir ki, bu qadın hər birimizdən özündə nəsə
gəzdirir. Məsələn, bu qadın getmədiyimiz küçənin, döymədiyimiz qapının, öpmədiyimiz
uşağın, sevmədiyimiz qadının narahat ruhu kimi gözümüzün kövrək yerindən çəkilmir.
Qarşısında çay kimi axan tələsik addımları izlədikcə qırmızı saçlarına şeh
qonur. Elə bil ki, şeh onun saçlarında dincəlir. Ağacın öz kölgəsində dincəldiyi
kimi.
Dünyanın düz vaxtında həm də Bakı kimi dəvə əyriliyi
ilə burulan bir şəhərdə özünü saçlarında ifşa edə bir insanla qarşılaşmaq nə
deməkdirsə, əminəm ki, üç arzunu yerinə yetirmək üçün hazır duran cin çırağı
tapmaq da elə odur. Uşaq vaxtı qədim ərəb nağıllarındakı Ələddin olduğumu
düşünürdüm və həm də onu düşünürdüm ki, Ələddin olsaydım üç arzum nə olardı. Bütün
arzuların gəzib dolaşıb pulda dirəndiyi uşaqlıq illərimdən fərqli olaraq indi mənim
üçün göy üzü qədər aydın və şəffaf olan həqiqətlərdən biri elə bu üç arzudur.
Yəni:
1. O
qadının gözlərində ümid olmaq
2. O
qadının gözlərində ümid olmaq
3. O
qadının gözlərində ümid olmaq
Yorumlar
Yorum Gönder