Orxan Həsənzadə- Kirayə adam
Dəyişdiyim iş yerləri bədənimin itgin düşən parçaları
kimidir. Hərəsi şəhərin bir tərəfinə atılıb. Son iki ayda üç iş dəyişmişəm.
Hər şeyin birdən birə müvəqqətiyə, məluma
çevrildiyi bu zamanlarda sevdiyim bir neçə detalı tapmaq, körpə əzizləyən
misalı əzizləmək, onu almaq, özünə sıxmaq və estetika dediyimiz şeyin naməlum
düsturunda bişirib ədəbiyyata çevirmək... Əzizlərim, icazə verin iki aylıq iş həyatımın
bədənində bir neçə xatirəlik gəzintiyə çıxaq. Odur ki, kəmərlərinizi bağlayın və
gülümsəyin.
"Qara Qarayev" metrosunun üzü qaranlığa açılan
çıxışında, kino-teatrın sağ yanağında şəhərin mərkəzindən uzaq yeni-yeni
açılmağa başlayan lüks dönərxanlardan biri. Dostoyevskinin bədbəxt obrazlarını
bir-bir Sibirə yola salması kimi bu yer də sanki yazıçı istedadının torundan
qaçıb eyni yerə yığışan adamlarla doludur. Məkanın müştərilər görən tərəfi, yəni
hələ çılpaq olmayan yanı iki hissədən (içəridəki masalar və çöldəki teras) ibarətdir.
Bu işə heç vaxt alışa bilmədim və bəlkə elə bu yazı da öyrəşə, özümünküləşdirə
bilmədiyim bir iş haqqında kədərli notlardan çox mənəvi borcumu ödəmək cəhdimdir.
Əzizlərim, indi düşünürəm ki, işlədiyim bir neçə həftəni üstümdə kədərsiz
xatırlaya bilmirəm. Daha dəqiq desək elə bilirəm ki, üstündə kədər olmadan bu
xatirələrin kandarına yaxın durmaq mükün deyil. Kədər, həmin günlərin
vizit-kartı, nə bilim, buraxlış vəsiqəsidir.
Çoxdan, lap çoxdan, təxminən iki ay öncə baş verən
yaşantı xarabalığını xatırladığım zaman yaddaşımın kövrək yanağında öpüş izləri
kimi qalan bu hadisələri yığmaq, boy sırasıyla düzmək, adamları dənə-dənə, ədəd-ədəd,
nəfər-nəfər sıralamaq haqqında düşünürəm və həm də onu düşünürəm ki, ruhum üçün
bu qeyri-adi mühitə alışmağa çalışmağımın mənə birdən-birə necə əzab verdiyini,
ayaqlarından başı aşağı asılan məhkum kimi dünyanı tərsinə gördüyümü yalnız bir
neçə dəqiqəlik siqaret fasilələrində hiss edə bilmişəm. Müştərilərin qəfildən gəlib,
qəfildən də getdiyi ( adamların eyni vaxtda acıb, eyni vaxtda doyması) bu qəribə
məkanda unutmadığım bir neçə detalı icazənizlə bölüşəcəm.
1. Siqaret
fasilələrində hər beş dəqiqədən bir ayağımın altında titrəyən yer. İlk öncə məni
təəccübləndirən, qorxudan bu hadisə, sonrakı təcrübələrimdə aşağıdan metro qatarlarının keçdiyini bilməyim ilə adiləşdi. Sonra həmin
yerdə hər dəfə siqaret çəkməyə gedəndə ağlımda buz kimi bir fikir dolaşmağa
başladı. “Göydə Allah, yerdə qatar qorxusuna yadlaşdığım yer”
2. Yan
kafedəki on yeddi yaşlı qoca xadimə qız. Ağzında bir topa söyüşlə hər sabah
kafenin qabağını süpürməsini dodağımın arxa tərəfinə yığdığım gülüşlə izləyirəm.
Siqaret çəkdiyimi görüb yaxınlaşır.
– Bir dənə siqaret ver də.
Verirəm.
- Özün hardansan ?
Susuram.
- Burda
işləyirsən ?
Başımla təstiq edirəm.
Qara Qarayev prospektinin ütülü
asvaltını təkərlərinə yığıb irəliləyən tək-tük maşınlara baxıb gülümsünür.
- Bakıda kirayə qalırsan ?
- ...
3. Adı
müqəddəslər siyahısında olan kuryerlə qısametrajlı söhbətlər ,bəlkə, bayaqdan çəkmək istədiyim şəklin ən rəngli köşəsidir.
Dostum “Azərbaycan Texniki Univerisiteti” ni bu il bitirmişdi. Tez-tez yaxın
zamanda həribiyə gedəcəyini, burda müvəqqəti işlədiyini deyirdi. Qəribəydi. Uzaqlıydı.
Kədərliydi. Üzümüzdəki kədərin oxşar olduğundan xəbəri vardımı, yoxsa sadəcə
danışacaq, gülüşəcək kimsə yoxdu deyə bu qədər yaxın idik, bilmirəm. Elə bil
ki, üzündən qatar yolu keçmişdi. Özünü yavaş-yavaş ifadə eləməyə başlayan
saqqalından istənilən yazını oxumaq olardı. İndi düşürəm ki, həmin üzdən
oxuduqlarım mənə bütün kitablardan, bütün filmlərdən, bütün musiqilərdən daha
çox şey öyrətdi. Birdə həmin adamı unuda bilmədim.
İşim axşam səkkizdən gecə ikiyə qədər davam edirdi. "Xalaqlar dostluğu" metrosuna yaxın ərazidə yaşadığıma görə işdən çıxıb gecənin də, küçənin də kor vaxtında evə piyada
qayıdır, yorğun anlarımda yaxınlıqdakı parklardan birində oturub dincəlir, yola
yenidən davam edirdim. Gecələr hər şey sirli və vahiməli görünür. Fahişlərindən
tutmuş, yorğun günün sonunda işdən evə tələsən dilənçi addımlarına, küçə fənərlərinə
hürən axsaq itlərə qədər hamısı, hamısı sanki eyni yerdən qopmuş, eyni evin,
eyni ehtiyacın, eyni kədərin adamları idilər. Qəribəydilər. Çox qəribədilər.
Yorumlar
Yorum Gönder