Orxan Həsənzadə- Yaza bildiyim anlarda xoşbəxtəm
Yaza bildiyim anlarda xoşbəxtəm. Yazmamaq ciblərinə
daş yığıb özünü çayan atan yazıçının üzündəki ümidsizlik, çaşqınlıq, natamamlıq
kimidir. Cümələlərin sırayla düzülməsi, sözlərlə qizlən-qaç oynamaq, ifadələrin
ritmini tutmaq, lazım olan sözün lazım olan yerdə olması və bunun kimi adi məşğuliyyətlərdən
ilahi zövqlər alıram. İçimdə çığıran adamın səsi ətrafdakı bütün səslərdən daha
gur çıxır və mən bu səsin qarısında hər dəfə bir az da aciz qaldıqca, ona məğlub
olduqca, yazmamaq bacarmadığım digər hər şeyin sırasına qoşulur.
Gələcək axşamüstü toranlığı kimi şübhəlidir. Nələr
olacağı haqqında qəti fikrim yoxdur. Düzünü desəm,, gələcək dediyim şey mənim
üçün yalnız arzu formasında, nə bilim naməlum “yaxşıların” boysırasıyla
düzülüşündən ibarətdir. Həqiqət budur ki, keçmişin hüznü gələcəyin mükəmməliyinə
bərabərdir və keçmiş nə qədər hüznülüydüsə, gələcək də bir o qədər gözəl, bir o
qədər idealdır. İndilər, əziz dostum, indilər mənə əzab verir.
İnsan xarakterində bəlkə də ən sevdiyim xüsusiyyət
onun özünü davamlı şəkildə yeniləməsi, həmişə haradansa bir ümid qığılcımın
ortaya çıxması və birdən-birə dəyişməsi həqiqətidir. Bütün nöqtələrin vergülə
çevrilməsi hadisəsi.
Əziz dostum, bədbin halıma görə məni bağışla. Artıq
içki içmirəm. Məsələn, bu gün içməmişəm və bu mənim üçün olduqca dəyərli göstəricidir.
İçimdə həyatdan, insanlardan dəhşətli bir doymuşluq, yorunluq abidəsi ucalıb və
yolum nə vaxt bu abidənin yanından düşsə ona baş əyir, təzimə dayanıram. Əziz
günahkarlar, bəlkə də daha yaxşı bilirsiniz ki, insan itirən varlıqdır və məncə
bu dünyada buraxılan əllərin sayı tutulanlardan daha çoxdur. Bu mənə əzab verir,
dost. Bu mənə uşaqlığımda ayağımdan başı aşağı asıldığım ağacın üzərindəki
işgüzar qarışqaların xırda və çoxsaylı addımlarını, həmin addımlardakı kədər
kimi gəlir və nə vaxt o kədəri düşünsəm həmin qarışqalardan biri olduğumu düşünərəm.
Yazmaq, deyirdim əziz dost. İndi şəhərin bütün vitrinləri
mənə solğun, bütün yolları yaş, bütün dayanacaqları gözləməkli gəlir.
İnsanların üzünə baxanda bir topa kədər görünür və elə bilirəm ki, bu kədəri
yalnız mən hiss edə bilirəm.
Beynimdə yazacağım çox kiçik mətnlər var. Bu mətnlərə
qədər hər halda günə heç olmasa bir vərəq nəsə yazmalıyam ki, yazı mənim üçün vərdiş
halını alsın. Daha çox oxumağa çalışıram. Məişət yorğunluğu beynimi yeməyə, bütün
yaradıcı fəaliyyətimə mane olmağa çalışsa da boş olduğum bütün dəqiqələrdə
oxumağa, oxuduğum yazıçılardan hansısa üslubi bir xüsusiyyət götürməyə
çalışıram. Bu məni hər dəfə hansısa mətnin qarşısında daha güclü edir və mətnin
situasiyasına qarşı çıxdığım savaşda məni qalib eləməyə, bunun nəticəsində mükəmməl
mətn dediyim göstəriciyə bir az da yaxınlaşmağıma səbəb olur.
Yazmaq adamlardan qaçmaq, öz balacalığında nəhəng
dünya yaratmaq, o dünyada avaralanmaq, yaratdığın insanlara allahlıq eləmək,
özündən alın yazıları uydurmaq yəni öz içində özündən daha çoxunu tapmaq hadisəsidir.
Bu hadisə sözünü çox istifadə edirəm. Təcrübəli oxucu, bu əzici acizliyimə görə
məni bağışlamalıdır. Hər halda ifadə formalarım düzgün olmasa da bu danışmaq
istəməyimə mane ola bilmir. Davamlı şəkildə yazmaq, davamlı şəkildə ölməmək
üçün çırpınmaq, davamlı şəkildə var olmaq hissimə mane ola bilmirəm. Əziz dost,
sənə salamlar, əlvidalar olsun.

Yorumlar
Yorum Gönder