Orxan Həsənzadə - Təqvimin nəmişlik tərəfi

Yağışlı bazar ertəsi sabahı. Gözümün altına yığdığım bir çanqa bulud topası ilə əllərimin bekarçılığını ciblərimə bağışlayıb yaş asvatın üzərində həzin-həzin yeriyirəm. Bilirəm ki, indi palıd ağaclarının yaşıl yarpaqlarından üzülüb torpağın soyuq bətninə düşən məsum yağışın biri də içimdə, içimdə haradasa dərində bir yerdə yağır və mən bu yağışın nəmişliyindən hər dəfə daha gümrah, qızılgül ləçəyi kimi təmiz çıxıram. Bazarertəsi sabahlarını sevmirəm. Xüsusiylə belə havalarda hər şey mənə hələ ağzı açılmamış konserva qutusunu xatırladır. Elə bil, bir topa yaşantını paslanmaz dəmir qabın içinə yığıb dənizə atılan məktub şüşəsi kimi zamanın nəhayətsizliyinə buraxırsan və xüsusiylə belə anlarda həmin qaba toxunan bütün əllər naməhrəm, bütün əllər kəsilməyə məhkumdu. Bu məni həmin qabın taleyini yaşamağa məcbur edir. Elə bil ki, həmin qaba yazığım gəlir və elə bilirəm ki, indi həmin qabam.
Yağış güclənməyə başlayır. Yaxınlıqdakı köşkdən siqaret alıb cins gödəkçəmin qollarını əllərimin üzərinə örtürəm. Addımlarım yeyinləşdikcə üzümə vuran küləyin soyuqluğunu hiss edib bəşəriyyətin quldarlıq dövrünü xatırlayıram. Birdən birə düşünürəm ki, bütün dövrlər mahiyyətində quldarlıq dövrünün başqa bir forması, növü olaraq var və hər kəsin nəyinsə qulu olması olmuş və olacaq bütün dövlər üçün aktualdır.
Gəlmək istədiyim yerə hansı yoldan gedəcəyimi bilmədiyimə görə sözlər barmaqlarımın ucunda bir-birinə dolaşır, bəlkə də, mətnə aidiyyatı olmayan mövzulardan bəhs edirəm. Təcrübəli oxucudan bu məsum səhvin üzərindən keçməyi və yuxarıdakı cümlələrin görməzdən gəlməsini xahiş edirəm. Əziz dost, ( bu mətni oxuyursansa həqiqətən mənim dostumsan) həmin yağmurlu günün bütün təfsilatı ilə izahını vermək mənim üçün maraqsız olduğu qədər inanıram ki, sənin üçün də maraqsızdır. İndi bu mətni niyə yazıram ? Ola bilsin ki, bu adi yazmaq cəhdlərimdən biridir və o da ola bilsin ki, bunu yalnız “cəhd” adlandırmağımın alt qatında alınmamışlıqdan özünü sığortlama, bir cür ehtiyat tədbiri var. Buna görə məni qınamağa tələsmə. Otur və bütün diqqətini mənə ver. Yağışın güclənməsi məni sarsıtmır. İslanmaqdan yalnız quru qalmağı bacaranlar qorxur. Mən heç vaxt quru qalmağı bacarmadım və bəlkə də içimdəki bulud topasının əbdiliyi də buna görədir.
Yoxuş aşağı yeriyirəm. Sel topuqlarımın sərtliyində haçalanıb yenidən birləşir. Yanımdan sürətlə ötüb keçən maşının sol çiynində dayanacaq görüb yağışın sərt sillələrinə “time out” vermək üçün bir neçə dəqiqə gözləyirəm. Yaş bədənim uzaqdakı naməlum adamın çətirinə gülümsəyir.
Hər şey bu qədər sürətlə irəliləyirdi, əziz oxucu. Həmin ana qədər zaman sanki hansısa çaparın əlindəki məktub kimi öz ünvanına tələsirdi (indi bu cümləni yazarkən selin asvaltın üzərindəki çökəkliyə dolmasını xatırlayıram ).
Küçənin sonsuzluğa uzanan solunda addımladıqca ağlımdan axmaq bir aldanış  yaranır və mən elə düşünürəm ki, sağ tərəfə daha az yağış yağır. Bu qarışqa sunamisini nəhəng dabanlarım ilə yarıb sağ tərəfə keçirəm. Bu an yadıma düşür ki, çantamdakı bütün kitablar islanıb. Mənsə tələsik cibimdəki yaş qutunu çıxarıb içindəki siqaretləri sayıram.
Yağış içimdəki əsrət hisini, bitməsini istədiyin şeyin bitməməsi duyğusunu ( gəlin, buna çarəsizli deyək ) daha da böyüdür. İslanmağın  sentimental bir hiss olduğunu düşünmürəm. Nə vaxtsa soyuqdan əllərini ciriq ciblərinə dürtməyə çalışan uşaqlar üçün yağışın böyük mahiyyət kəs etməsini düşünmək fırıldaqdan başqa bir şey deyil.

Qəribəydi.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Onu sevənlərdən şəhər salmaq olar.

Qəribə gecə

Əşyaların səsi- VI hissə