Orxan Həsənzadə- Əşyaların səsi - I hissə
...uzun müddətdir heç nə yaza bilmirəm. Yuxarıda
yazdıqlarım mənə yaşadığımı xatırladır. Bunları yaşamışamsa deməli nə vaxtsa
var idim. Var olduğumu dilimin altından çıxarıb udqundum, varlığım incə
boğazımdan keçib mədəmə doldu. Mədəmin içində o qədər rahat yaşayırdım ki,
burdan çıxmağı düşünmür, həzm olunana qədər burda yaşamaq istəyirdim.
İndi isə əzilib büzülmüşəm. Bütün bədənim tikə-tikə olub, hər parçam bir yerə
dağılıb. Nə vaxtsa varlığımın bu formaya
düşəcəyini bilsəydim yenidən var olmaq istəyərdim mi, bilmirəm ?
Bir
anlıq özümü unutdum. Mədəmin içindəki ağlaşma səsinə fikir verməyib küçəyə
çıxdım. Bomboş küçədə hürən itlərin təkliyinə qoşulub bir iki ağız da mən
hürdüm. O qədər gözəl hürüdüm ki, itlərin səsi kəsildi. Hamısı susub məni dinləməyə
başladılar. Bir balaca darıxdım. İt olmaq xoşuma gəlmişdi. Varlığımı it olaraq
düşündüm. Nə kədərli mənzərə idi elə deyilmi ? Bütün gün küçələrdə veyil-veyil
gəzmək, yayda yaramaz uşaqların daşlarından, qışda şaxtanın sərt sillələrindən
yayınmaq, bir tikə yemək üçün zibil qutularını eşələyib dağıtmağım, ardınca
süpürgəçi yaşlı ifritənin süpürgəsini belimə keçirməyi. Belə vaxtlarda o qədər
ağrıyırdım ki, ac olduğumu unudurdum. Bir tərəfdən aclıq hissindən xilas
olduğuma görə sevinir, bir tərəfdən də belimdəki ağrıdan iki qat olur, yaş səkinin
üzərində yıxılıb qalırdım. Ancaq, təəssüf ki, ölmürdüm. Ölə bilmirdim. Daha dəqiq
desək heç ölmək də istəmirdim. Mən ölsəydim yaramaz pişiklər cəsədimin
arxasınca nələr deməzdilər ? Neçə il hürüb qorxutduğum, ağaca dırmaşdırdığım
pişiklər hərəkətsiz bədənimin başına nə oyun açarlar, Allah bilir. Öləcəmsə orta yerdə öləmək istəmirəm. Elə yerdə
ölüm ki, məni yalnız cəsədimin üfunət iyindən tapa bilsinlər, tapanda da yaxın
dura bilməyib basdırsınlar. Bir dostumun başına gələnləri danışım ki, necə iyrənc
məxluq olduğunuzu başa düşəsiniz.
Bədənində iri xalları
olan, sısqa, uzun çənəli, nəhəng dişli köpək idi. Deyəsən anamız bir idi.
Atamızdan isə digər bütün köpəklər kimi xəbərimiz yoxdu. Bir yerdə yemək
axtarır, bir yerdə oyanyıb əylənir, mənfur pişikləri bir yerdə ağaca
dırmaşdırırdıq. Heç sevmədiyim, görəndə dişlərimi qıcadığım qonur pişiyi qovub əylənə-əylənə
zibil qutusuna doğru irəliləyirdik ki, yaramaz uşaqlardan biri əlindəki yağlı tikəni
dostuma doğru uzatdı. Bu it də digər itlər kimi ağıldan veyil idi. Tikəni alıb
o saat uddu. Əminəm ki, onun yerinə olsaydım mən belə edəcəkdim. Bundan sonra nələr
baş verdiyini təxmin edib özünüzdən iyrənə bilərsiniz. Tikənin içində onlarla
iynə dostumun mədəsini süzgəc kimi deşik-deşik elədi. Bir neçə gündən sonra da əzab-əziyyətlə
gözlərini yumub öldü. Zibil yığanlar hələ iylənməmiş cəsədi aparıb harasa
atdılar. İndi zibil qablarının içində bayaqdan qoxusunu aldığım sümük parçasını
axtara-axtara həmin günləri xatırlayanda əmin oluram ki, insanlardan nə dost
olar, nə də düşmən. Eyni anda dostumun heç vaxt yemədiyi, ağzının adına yad olan
yağlı tikəni ona verib sevindirib, eyni anda da onlarla iynə ilə onu bir dəfəlik
ölümə yolladılar. İnanıram ki, məni başa düşdünüz. Ordakı nədir elə ? Yenə həmin
qonur pişik. Hav Hav Hav.
***
İt olmaqdan bezdim. Boş
küçədə siqaret çəkib kədərli-kədərli
uzaqlara darıxdımmı, yoxsa naməlum qaranlığın arasında kimisə gördümmü,
bilmirəm ? Dodaqlarımın arasında dayanan siqaretlə işıq dirəyi olduğumu
düşündüm. Boş küçədə işıq dirəyi olmaq asan deyildi. Gecələr adamlara yol göstərməyi,
onları qaranlıqdan xilas eləməyi
yox gur işığımın üzlərinə düşüb
narahat eləməyini sevirəm. Uşaqların mərc gəlib zərif şüşəmi, şüşəmin altındakı
lampanı hədəf seçib daşla vurmağa çalışmaqları çox acığıma gəlir. İşıq dirəyi
olmaqdan utanıram. Gur işığımın altında hansı biabırçılıqların, naməlum qətllərin,
bədbəxt hadisələrin oludğunu bilsəydilər bunu eləməzdilər.
Bax o sarı saçlı uşağın anası hər gecə
mənim işığımın altında gizli-gizli maşına minib harasa gedir, sübh vaxtı qayıdır.
Uzun müddətdir ki, yoxa çıxdığı deyilən adamı maşın vuran an nə qədər gözlərimi
yummaq istəsəm də heyif ki, gözlərim yox idi və bədbəxtlikdən baş verən hadisəni
bütün xırdalıqlarına- adamı vurub, ardınca maşının arxasına qoyub qaranlığa
qarışmaqlarına içim od püskürə-püskürə baxmışam. Kim bilə-bilərdi ki, mənim
altımda yeddi yerdən bıçaqlanan adamın
naməlum qatili mərhumun tabutu üzərində ən çox ağlayıb sızlayan, göz yaşı töküb
özünü parayalan adam, yəni onun qardaşı idi. Bəli, bütün bunların yeganə şahidi
mənəm. İndi zərif şüşəmi nişan alan uşaqları görəndə içimdə dəhşətli bir
darıxmaq hiss peyda olur, məftillərimin arasından keçən elektrik cərəyanı
azalır, işığım öz gurluğunu itirir. Baxın, yenə orda kimsə durub boş-boş küçələri
izləyir.
Yorumlar
Yorum Gönder