Orxan Həsənzadə- Rəvanın ayaqqabıları

Əziz dostum, indi xatırlayıram ki, səninlə görüşdüyümüz birinci günü çıxmaq şərtiylə digər bütün görüşlərdə içmişik. Mən səni ayıq başlıykən çox az hallarda xatırlayıram. Xatırlayanda da çağırıram ki, "Rəvan, qaqa, gəl içək".


Mənə elə gəlir ki, biz kitabları eyni hərarətlə,  maraqla oxuyur, eyni cümlələrin altından xətt çəkir, eyni hissələr haqqında düşünüb içimizə pıçıldayırıq ki, "bax, bu cümlə xalis ədəbiyyatdır". Hərdən də mənə elə gəlir ki, biz hətta qızları da eyni cür sevir, eyni cür xəyanət edir, eyni cür ayrılırıq. Hələ dərininə getsək onu da deyə bilərəm ki, bəlkə də, sevdiyimiz qızlar da bir-birinə bənzəyir. Yəni deyirəm ki, nə vaxtsa eyni qıza aşıq olsaq təəccüblənməyəcəm.

Sən işlədiyim yerə gələndə əl verib qucaqlayıram ki, qoy istedadlarımız bir-birinə qarışsın. Yazı yazanda iki qat oluram. Beynimdəki situasiyanı izah edə bilməyəndə az qala divara dırmaşım. Əvvəl mətnin qarışısından çəkilirəm. Gedib evin bütün künclərində darıxıram, sonra üzümə su, divara yağlı bir təpik ilişdirirəm. Bir dəfə yan qonuşu hərarətlə qapımı döyüb dedi:
 -Bu nə səs küydü, evdə güləşirsiz ?
Mənsə, dilim topuq vura-vura dedim :
-Yox, dayı, sadəcə yaza bilmirəm.

Mənə “sən gələcəkdə böyük yazıçı olacaqsan” deməyin xoşuma gəlir. Xahiş edirəm, paxıl olma, bu cümləni tez-tez təkrar elə. Sən mənə deyəndəki böyük yazıçı olacaqsan, mənim qoltuğuma xalis Sabirabad qarpızı yığılır. Mətnin qarşısına keçəndə sözlərə acıq verirəm, cümlələrin önündə şeşələnirəm. Mənə elə gəlir ki, bu cümlə bütün mükafatlardan daha səmimi addır. Başa düşürsən, Rəvan, hələ bu həyatda heç kim mənə o sözü deməyib ?

Bilirəm, başa düşürsən.

Sən dünən pis olanda əlimi çiyninə qoyub hər şey düzələcək demək istəyirdim. Demədim. Hər şey düzələcəkmi ? Bu sual ola bilsin sənin içindəki qərarsızlıq burulğanı kimi adamı öz dərinliyində boğmaq iqtidarına malikdir. Sonra sağollaşdıq. Şair demiş, “hardasa dağ olmağa getdin”. Mənsə, boş masalara suallar yağdırmağa başladım. Gedib bir-bir hamısında oturdum, ona görə ki, hamısı eyni cür darıxırdılar. Ancaq sən eyni cür darıxmırdın. Hamı əlindən, ayağından, gözündən darıxmır. Başa düşürsən, Rəvan ?

Bilirəm, başa düşürsən.

Sonda yazdım. Dedim ki, hər şey yaxşı olacaq. Buna inanaraq dedim. Lap Allaha inanan kimi o yaxşının hardasa bir yerdə olduğuna, ona bir vaxt çatacağımıza, sonra yenə ondan bezib başını burxacağımıza inandım. Boş masalar mənə inandırdı ki, “keçmişdə” torpağı möhkəmcə qucan, şelə yarpaqlı, budağına göyərçinlər qonan, üzərindən göy üzü keçən ağac olsan belə  hər şey yaxşı ola bilər. Bəlkə bu masalar hələ də ağac olmaq arzusundadır ? Başa düşürsən, Rəvan, hətta masalar da nəsə istəyə bilər.

Bilirəm, başa düşürsən.

Ayaqqabılar haqqında yazdığın cümlələri oxuyanda doluxsundum. Mən kasıb ailədə böyümüşəm. Atam işgüzar adam olsa da içindəki avaranı hələ də öldürə bilməyib. Çox içir. Anam qəribə qadındı. İnanırsan, rayona gedəndə axşamlar hələ də mənə layla deyir. Bir bacım, bir qardaşım var. Onu da deyim ki, səkkizinci sinifdə oxuyanda ayaqqabım vaxtsız cırılmışdı. Qardaşımla eyni ayaqqabını geyinirdik. Mən məktəbə səhər, qardaşım günorta vaxtı gedirdi. Həmişə axırıncı saatda icazə alıb evə tez qayıtmaq istəyirdim ki, ayaqqabını qardaşıma təhvil verə bilim. Başa düşürsən Rəvan, mən heç vaxt müəllimlərin niyə axırıncı saatdan icazə alırsan suallarına cavab verə bilməmişəm.

Bilirəm, başa düşürsən.


İndi nə vaxt sənlə görüşsəm beynimdə dəli bir fikir dolaşır. Demək istəyirəm ki, qaqa, gəl ayaqqabılarımız dəyişək. 

Yorumlar

Bu blogdaki popüler yayınlar

Onu sevənlərdən şəhər salmaq olar.

Qəribə gecə

Əşyaların səsi- VI hissə