Orxan Həsənzadə- Həyatın "paxmel" dövrü

Bir sabah gözlərimi açıb özümü “paxmel” olaraq gördüm. Bədənimin süst oyaqlığını hiss etsəm də gözlərimi açmaqda çətinlik çəkir, reallıq ilə yuxu arasındakı incə göy qurşağında elə indi də xatırlamadığım hansısa məsələni özümdə aydınlaşdırmağa çalışırdım. Səhərin ilk şəfəqlərinə qoşulub ( təxmin edirəm ki, məktəbə gedirlər ) öz aralarında yüksək səslə zarafatlaşan uşaqların səsindəki qalın yeniyetməliyə oyandım və otağın dağınıqlığına, narahat boşluğuna baxıb ətrafımdakı reallığı dərk eləmək üçün gözlərimi ovdum. 

Dünən haqqında heç nə xatırlamıram. Masanın üzərində çin səddi hərarəti ilə uzanıb gedən içki şüşələrini görüb məsələnin nə yerdə olduğunu aydınlaşdıracaqdım ki, sözümə baxmayan ayaqlarım məni tənbəki və çaxır ətri verən çarpayıdan kənara atdı. Bir neçə saniyə ayaq üstə dayanıb açıq pəncərədən tül pərdələrin bağrını yarıb otağa icəsiz dolan günəşin istliyini tüklü bədənimdə hiss edib hələ də yaşadığımın fərqinə vardım.

Hələ də yaşayırdım, ancaq bədənimdəki inanılmaz ağırlıq, göz qapaqlarımın altından sallanan bənövşəyi dağlar və ayaqlarımın narahat ruhu məni yuxunun vizuallığından çıxmağa mane olurdu. Əziz insan ( bəlkə də yad deməli idim ) , bu an hər şeyin süst olduğunu necə izah edim ki, adam qalınlığının arasında ucu sarıya çalan saçlarını, çəhrayı köynəyini və yumuşaq, maili üzünü gördüyüm zaman keçirdiyim mədə ağrısını,  bir anda ayaqlarımdan başlayıb bütün bədənimə virus kimi yayılan xəfif tirtrəməni, boşalmanı həmin hərarətlə anlaya, hiss edə biləsən. Evdən çıxmaq haqqında heç düşünməsəm də, içimdəki darıxmaq hissi bu dörd divarın üzünə alın yazısı kimi yapışdırılan şəkillərdən daha artığını istəyirdi. Tələskən idim. Elə bil ki, bu tələskən bədənim o qızıl nöqtəyə çatmaq və bir az daha məhv olmaq üçün dəridən qabıqdan çıxır, bir saniyə geri, bir saniyə irəli getməmək  üçün o vaxtda qədərki bütün boşluqları doldururdu. İnan mənə, əzizim, indi metro önündəki dilənçi baxışlarına ilişib qaldığım bir neçə saniyə, çəkdiyim siqareti yarım atmaq istəməyim və bunun kimi sadəcə bir neçə dəqiqəyə təsir edəcək şeylərin hamısı sənə çatmaq, ucu sarımtıl saçlarını, çəhrayı köynəyini və yumuşaq, mailini üzünü görmək , ancaq ona heç vaxt toxunmayacağımı, səni və bu həyatdakı hər şeyi birdən-birə itirəcəyimi bilmək üçün idi.

Metroda düzxətli bərabərsürətli uşaq ağlamağı, yaşlı adamların üzündəki ölüm qoruxusu, narahat bədənlər, çantamın çiyninmədən tez-tez sürüşməyi. Hamısı necə də miskin mənzələr idi. Bu an səni düşünmək- qaranlığın başına çırpılan şimşək...

Səni gördüm. Bədənimdə dəhşətli bir ağrı yaranmağa başladı. Arxanı mənə doğru çevirdiyinə görə bir vaxtlar toxunduğum, öpüb alnıma qoyduğum çiyinlərinin ən xırda hərəkətlərini gözlərimin kövrək yerində dolaşır, təmizlənib içimə göz yaşı olaraq axırdı. Qatarın şüşə pəncərələrindən baxışlarının yad çoxluqda sürüşməyi, yanaqlarının hərəkəti, boynunun tez-tez ətrafa baxıb nəyi isə axtarmağı, hamısı, bunların hamısı mənə əzab verirdi.

Qatardan düşdün. Addımlarımı həmin ən mənim üçün ilahi nizami olan ayaqlarına uyğunlaşdırdım. Əzizim, sən axı hardan bilərdin ki, bir yerdə yeriməkdən yorulduğun, bir yerdə dincəldiyin bütün bu xoşbəxtliyin şahidi olan həmin ayaqlar ilə aranda sadəcə bircə addım var və bəlkə də bu bircə addım indi dünyanın ən uzaq məsafəsidir.

Məni görmədin. Görsəydin nə dəyişəcəkdi, bilmirəm. Ancaq o da olsa bilsin ki, bütün xoşbəxtliklər nəhəng dağların arxasında meşə sükutluyla uyuyur və ona çata bilmək, oyatmaq, yenidən var eləmək artıq mümkün deyil.

Mənsə hələ də kabus kimi  addımlarını izləyirdim ( az qalan çənəm çiyinlərin toxunacaqdı ) . Məni bağışla əzizim. Sənə görə, toxuna, gülümsəyə bilmədim. Məni bağıışla, xahiş edirəm, məni ona görə bağışla ki, daha hər şey bitib və bir sonrakı xoşbəxtliyə çatmaq üçün bütün qatarlarımız qutarıb.



Yorumlar

Bu blogdaki popüler yayınlar

Qəribə gecə

Balıqqulağının nağılı ( Hekayə )

Əşyaların səsi- VI hissə