Orxan - Hasanzadə- Bakı
Universitetə yeni qəbul olduğum zamanlarda onun bir parçasına çevriləm deyə bircə gündə bütün şəhəri əzbərləmək, yaddaşıma yazmaq istəyirdim... Elə fikirləşirdim ki, bir gündə şəhərin bütün divarlarıyla, səkiləriyla bütün tarixi abidələri, məscidləri, kilisələriylə tanış olmalıyam. Qorxurdum ki, bunu etməsəm şəhər sonradan məni tanımayacaq. Üstünə tarixin çirki hopmuş bu boz şəhərlə qısa zamanda tanış olmadığım təqdirdə nə vaxtsa məndən qisas alacağını, məsələn gecənin
birində üstümə bıçaq çəkib cibimdəki sonuncu
manatı qopara, evə gec qayıtdığımı bilib
avtobsuna gecikdirə, ya da nə vaxtsa qaranlıq və dar küçələrindən birində yolumu səhv saldırıb bir
anda çaşbaş qoya bilərdi. Düzünü
desəm, əvvəllər bu nəhəng şəhərin getdikcə bitməyən yollarından, baxdıqca tükənməyən eyvanlarından və də anadangəlmə bir-birinə yad adamlarından
qorxurdum. Bakı məni özümə çoox kiçik
hiss etdirirdi. Sırf öz
kiçikliyimi kəşf etmək üçün şəhəri daha yaxından tanımaq istəyirdim. O hüzünlü filmdə deyildiyi kimi başqa şəhərlərdən fərqli olaraq
Bakının bitmək kimi ilahi
bir özəlliyi vardı. Bakı dənizdə qutarırdı. Dənizdən o tərəfə Bakını balıqlarla,
yosunlarla, qayalarla bölüşməli olurdun.
Kasıblıqdan qabağına çıxan hamıya dil göstərən köhnə ayaqqabılarımın şəhərin tozuna
bulaşdığı o birinci
gündən özümü bir
anlıq şəhərin əşyası kimi hiss eləmişdim. Yəni bir anlıq bu şəhərin heykəlləri, parkları, ağacları kimi mən də hamının olmuşdum. Yəni həm də bir anlıq nə vaxtsa yıxılmaq, dağılmaq və də kəsilmək ehtimalım var idi.
Uzun zamandan sonra anladım ki, Bakı yalnız bahalı küçələrində boş-boş veyillənən bomjların, yeraltı kafelərində bütün gün
içib yad dildə şeirlər yazan şairlərin deyildi. O
həm də daha çox Şəhidlər xiyabanında görünən o boz pişiyin idi, nəvəsini Fəxri xiyabanda
gəzdirib heykəllərlə ölümsüzlüyünü
torpağa möhürləmiş insanlara
tamaşa edən o müqəddəs qocanın idi.
Şəhərin bir üzü dənizə baxırdı. Hərdən tez-tez
yuxuda gördüyüm kimsəsiz qocanın damağındakı çürük dişlər kimi adamlar
da tək-tək sahilə yığılıb uzaqları seyr edirdlər. Elə həmin günlərdən biri idi. Elə bil dəniz də qıvrım saçlarım kimi dağınıq və pırtlaşıqdı. Evdə ovcum boyda
aynam vardı. Aynanı bekar günlərimdən birində dostumu
çantasından çırpışdırmışdım. Beləcə aynanı sol əlimə alıb sağ əlimin kobud
barmaqlarından daraq
kimi istifadə edərək bircə hərəkətlə saçlarımı sol və yuxarı hissəyə darayırdım. Və nə vaxt onu görsəm saçlarımdan əvvəl bədənimin sol və yuxarı hissəsi tərpənməyə başlayırdı. O cıqqılı bir qız idi. Əlləri lap ovcum
boydaydı. Sanki Tanrı o qızı yaratmamışdan əvvəl əllərini ovcuma
biçmişdi. O, əlləri olduğunu yalnız ovcumdaykən xatırlayırdı. Mən də ovcumu ilk dəfə onun əllərindəykən tanımışdım. O, məni ilk dəfə ovcumla tanış eləmişdi.
O
qızı harda və necə tanıdığımı heç xatırlamıram. Əslində bu haqda heç
vaxt düşünməmişəm. Bircə bilirdim ki,
hər gün saat 5 də İçərişəhər metrosunun
qarşısındakı Şeyx Şamil küçəsində yerləşən o mübhəm kafedə görüşməliyik. Görüşürdük, ancaq
eləcə susmaq üçün
görüşürdük. Bir müddətdən sonra anladım ki, danışmasaq da
bir-birimizi asanlıqla başa düşürük. Bir də görürdün qəfil küləklər əsir. Bakı belə küləklərə öyrəncəlidir. Həm də o qızın nazik
ayaqları şəhərin beton döşəmələri , ciyərlərə vərəm kimi hopan ağac kökləri qədər torpağı möhkəm quclamamışdı. Elə fikirləşirdin bircə möhkəm külək əssə alıb aparacaq.
Ona görə nə vaxt külək əssə əllərindən yapışırdım. Elə möhkəm tutmurdum.
Elə bil ki, əlində göyərçi saxlayırsan. Bir az
möhkəm sıxsan ölə, bir az boş saxlasan uçub
gedə bilərdi. O bir söz var e biz görüşən günə daş yağmalıydı, yağış yağdı, aşıq olduq. Bax,
biz də nə zaman görüşürdüksə külək əsirdi. Bakıya hələ də minnətdaram, küləyinə bircə dəfə də icazə vermədi ki, o cıqqılı qızın əllərindən əl çəkəm. İndi nə vaxt külək əssə elə fikirləşirəm ki, daha bir
cıqqılı qızın əlləri göyərçinə çevrilib
sakitcə öz yuvasında
uyuyur.
O
qızla bütün payız görüşdüm. Hər şey olduğundan daha gözəl idi. Ancaq dərslərim geriləmişdi. Səhərə qədər eyvanda
oturub siqaret çəkə-çəkə həmin qızı düşünürdüm. Səhər dərslərə gecikirdim.
Bütün fənlərdən qayıb limitində idim. Mənə elə gəlirdi ki. hər şey yaxşı olacaq. Təəssüf ki, reallıq çox az vaxt
yolunu arzularımızın cığırından salmır. Ardınca qış imtahan
sesiyası başladı. Bircə dəfə də kitab üzü
açmamışdım deyə imtahanlara çətinliklə hazırlaşırdım. Sualları tək-tük oxuyurdum, hərdən oxumurdum.
Başımın tamam
imtahanlara qarışdığını getdikcə o qızı yaddaşımdan qoparıb atdığımın fərqində deyildim. Qəribədir, indi
fikirləşirəm qızın heç telefon
nömrəsini də bilmirdim. Bəlkə də, heç telefonu
da yox idi. Bircə həmin kefədə görüşərdik, saat 5 də. Deyəsən elə orda da tanış olmuşduq. İmtahanları verib qutardım. Rayona qayıdıb bir neçə həftəlik istirahət etdikdən sonra yenidən bu miskin şəhərə yola düşdüm. Yenidən həmin qızı xatırlayıb yenidən kafeyə getdim. saat
düz 5 də. Ancaq yox
idi. Düzü, kimdənsə soruşmağa da həvəsim olmadı. Bir də həmin qızı görmədim. Sanki bir
anda buxar olub yoxa çıxmışdı. Göyərçin olub uçmuşdu. Əllərini də əbədiyyən özüylə aparmışdı.
Bilmirəm, bu bəlkə də təsadüf idi.
Ancaq sanki həmin qızdan sonra
qorxduğum nə varsa hamısı başıma gəlmişdi. Yəni, gecənin birində üstümə bışaq çəkilib cibimdəki sonuncu
manat qoparılmışdı, evə gec qayıtdığım bir axşam avtobusa
gecikmişdim, Bakının nə vaxtsa qaranlıq və dar küçələrində yolumu azıb çaşbaş qalmışdım... O qızdan sonra, hər şey sonra olmuşdu...
Yorumlar
Yorum Gönder