Orxan Həsənzadə- Tək gecəlik Qara Qarayev prospekti

Qara Qarayev prospektinin siqaret qutularına məzar səkiləri ilə irəlilədikcə beynimin “Ukraniya dairəsi”ndə dolaşan düşüncələri futbol topu kimi qabağıma qatıb darıxıram. Mənə görə bütün küçələrin öz ruhu var və bu ruhu heç olmasa bir neçə saatlıq geyinə bilmək üçün mütləq onun gecəsi ilə tanış olmalı, görüşməli, lazım gəlsə öpüb bağrına basmalı, daş çiyninə baş qoyub ağlamalısan. Gecə şəhərin astarıdır. İnsanların səkilərdən, maşınların küçələrdən ələndiyi bu mübhəm dəqiqələrdə yerdə qalan hər nədirsə adına ruh dediyimiz şey də odur. Yəni bu  ruh heç olmasa bir az pozğun, heç olmasa bir az sərxoş, heç olmasa bir az avaradır. Və yəqin ki, qaranlığın arasından uzunsov çənəsini irəli uzaqdıb kədərli-kədərli küçələrin adamsızlığına hürən axsaq itlər də bu nəhəng fotonun göy üzünə düşən tərəfi olmağa hələ uzun müddət davam edəcəklər.
İşıq dirəklərini sayan adamın sentimentallığını fahişələri sayaraq yaşayıram. Tək-tük maşınların siqnal səsinə diksinən, əyrimçə ayaqları ilə gözləri müştəri axtaran bu şaquli insanları gördükcə sanki birdən-birə ciblərimə daş yığılır. Siqaret yandırıb hər şeyi unuduram.
Hər zamanki kimi yuxulu mühafizə işçisi siqaret istəyir, taksi sürücüsü gözlərini üzümə dikib kədərli-kədərli baxır. Metro keçidlərinin, vitrin önündki dilənçi baxışlarınin boşluğu hər zamankindən daha hüznlü, hər zamankindən daha kimsəsiz , daha ögey görünür. Dilimin altında zəhər kimi bir musiqi əsir. Adını unutmuşam. Bəlkə, heç belə bir musiqi yoxdur. Bəlkə ağzımda avaralanın bu iki sətirlik söz də ayaqqabılarımın vətəni olmuş boş küçənin qaranlığı kimi illuziyalarla doludur. Bu an uzaq qaranlığın arasında orta yaşlı bir qadın peyda olur. Yanından ötərkən nəsə deyir. Anlamıram.  Yaxınlaşıb dəqiqləşdirmək istəyirəm. Qımışaraq ağzını açır :
-Pulsuz, oluram.
Anlamıram.

Anlamıram.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Qəribə gecə

Əsl mistika